Pandemiyanın yaratdığı məhdudiyyətlər daxili turizm bazarında tələbatı kəskin artırıb, bu da bahalaşma ilə müşahidə olunur.
Eləcə də bax: Agentlik sədri: “Hotellərin göstərdiyi xidmətlərin keyfiyyətində problemlər var”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu "Skal International" Beynəlxalq Turizm Peşəkarları İttifaqının Bakı klubunun ("Skal Baku") Prezidenti Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, qiymət artımı xüsusən qeyri-iş və bayram günlərində daha çox hiss olunur.
"2019-cu ildə 5 milyondan çox Azərbaycan vətəndaşı xaricə üz tutub, həmin ildə 3 milyondan çox xarici vətəndaş Azərbaycana gəlib. Bu, əvvəlki illərə nisbətdə yüksək göstəricidir. Lakin pandemiya şəraitində qapanmalar, xaricə çıxışa qoyulan məhdudiyyətlər yerli vətəndaşları daxili bazara yönəltdi. Bu isə, öz növbəsində, bazarda tələbatı artırdı. Tələbata uyğun olaraq, qiymətlər nisbətən yüksək olur. Bu ərəfədə isə Yeni il bayramı ilə bağlı hotellərdə qiymətlər tələbata görə nisbətən yüksəlib", - deyə C. Aşurov qeyd edib.
C. Aşurov mehmanxana qiymətlərinin daim yüksək olmadığını qeyd edərək, bu sahədə qiymət rəqabətinin mövcud olduğunu da diqqətə çatdırıb: "Bu yaxınlarda Milli Məclisdə həm aviabiletlərin, bəzən isə istirahət və xüsusi günlərdə hotellərdə təklif edilən paketlərin baha olması barədə fikir səsləndirilib. Doğrudur, lakin mən deməzdim ki, hotellərin qiymətləri həmişə yüksəkdir. Hazırda ölkədə 700-ə yaxın hotel fəaliyyət göstərir. Onların təxminən üçdə biri Bakı və paytaxt ətrafında yerləşdiyi üçün gələn turist həcminə nisbətdə alternativlər və rəqabət çoxdur. Hotellərin təkliflərində də qiymət rəqabəti var. Qiymətlər bəzən 20-25 manatdan başlayır".