Baş Prokurorluq torpaq sahələri ilə bağlı baş verən qanunazidd əməllərlə bağlı vətəndaşlara müraciət edib.
FED.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaş müraciətindən sonra bələdiyyə tərəfindən torpaq sahəsinin verilməsindən imtina olunarsa və ya korrupsiya faktı ilə qarşılaşarsa müvafiq qaydada şikayət edə bilər.
“Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş Mərkəzi) və ya məhkəməyə, korrupsiya faktı ilə qarşılaşdıqda Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə zəng etməklə və ya birbaşa şikayət verilə bilər.
Ərizələrə baxılmasının müəyyən edilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir.
Məhkəmə işə baxarkən torpaq sahəsinin verilməsindən imtinanın qanuni və ya qanunsuz olduğu barədə qərar qəbul edir. Sonuncu halda məhkəmənin qərarı torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi üçün əsasdır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirilməlidir”, - deyə Baş Prokurorluğun müraciətində bildirilib.