Nazirlər Kabineti “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
Ev tikmək üçün yeni qaydalar müəyyən edilib - Torpaq sahəsi alarkən diqqətli olun
FED.az xəbər verir ki, qərara əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları artır və bu sıraya “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq 2025-ci il yanvarın 1-dək edilən müraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqların kateqoriyasının dəyişdirilməsi daxil edilir.
Qeyd edilən əsaslara uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı obyektlər barədə məlumat daxil olduğu gündən 10 (on) iş günü müddətində, Fərman qüvvəyə minənədək və ya Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırır.
Nazirlər Kabineti vəsatətə əlavə olunan yerquruluşu planında göstərilən koordinatlar daxilində istismarına icazə verilmiş qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsini vəsatət qaldırıldığı tarixdən 15 (on beş) gün müddətində təmin edir.