Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və qaydası təsdiq edilib.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 6 may tarixli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanununun icrasının təmin edilməsi məqsədilə qəbul edilib.
Bu Qərarla Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları, eləcə də təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi qaydası, həmçinin bu sahədə aidiyyəti dövlət orqanları (qurumları) arasında məlumatların mübadiləsi ilə bağlı məsələlər tənzimlənir.
Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibi Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən müəyyən olunur və həmin torpaqlar Torpaq Məcəllənin 13-cü maddəsinə uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.