Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin yaradılması, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşasının (quraşdırılmasının) tənzimlənməsi nəzərdə tutulur.
Komitə sədri: "Qanuna dəyişiklik torpaq sahiblərinin işini xeyli asanlaşdıracaq"
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Sənəd ölkə prezidentinin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” 15 iyul 2021-ci il tarixli fərmanı çərçivəsində hazırlanıb.
Belə ki, təklif olunan dəyişikliyə əsasən torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatını dəyişdirmək imkanı əldə edəcəklər. Həmçinin onların müraciəti əsasında bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması təmin ediləcək. Kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası daxilində (kateqoriyası gözlənilməklə) onların məqsədli təyinatının dəyişdirilməsi istehsalçıların mülkiyyətlərində (istifadəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəsinin səmərəliliyini yüksəldəcək, bu sahədə daha çevik mexanizmin yaradılması təmin ediləcək, həmçinin reyestrdə qeydiyyatın aparılması ilə aidiyyəti orqanların əkinlər (əkin altında olan torpaqların təyinatı) barədə məlumatlılıq səviyyəsi yüksəldiləcək.
Hazırda kənd təsərrüfatı yerlərindən birindən digərinə dəyişiklik etmək mürəkkəb bir mexanizmə tabe olduğundan mülkiyyətçilərin təsərrüfat fəaliyyətində tətbiqi çətinllik yaradır. Təklif olunan tənzimləmə torpaq istifadəçiləri üçün bu mexanizmi daha dəqiq tənzimləyir, torpaq balansının dürüst məlumatlara sahib olmasını təmin etmək üçün isə bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi şərtini müəyyən edir.
Bundan başqa, Torpaq Məcəlləsinin 13-cü maddəsində ümumi şəkildə müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Bu isə torpaqdan istifadəyə nəzarət çərçivəsində, o cümlədən istehsal və emal təyinatlı tikililərin aparılması, müvəqqəti tikililərin həyata keçirilməsi baxımından çətinliklər yaradır. Belə ki, tikintilərin aparılmasının qayda və şərtləri baxımından tənzimləmə mexanizmi olmadığından bu normanın icrasında problemlər yaranırdı.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin aparılması ehtiyaclardan irəli gəlir və bu kənd təsərrüfatının inkişafı baxımından vacibdir. Bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqlarda məlumatlandırma icraatı çərçivəsində müvəqqəti tikililərin inşa edilməsi həyata keçirilə biləcək. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması Məcəllənin 13-1-ci maddəsinə uyğun təmin ediləcək.
Bununla da kənd təsərrüfatı təyinatlı torpaqlarda məqsədli təyinat dəyişdirilmədən əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması həyata keçirilə biləcəkdir və bu tikililərin inşa edilməsi və quraşdırılması Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tənzimlənəcəkdir.
Kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi əhəmiyyətini, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolunu nəzərə alaraq əsaslı tikintilərin aparılmasının müvafiq tələb və mexanizmi yaradılır. Belə ki, bu tikililər:
- sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər;
- tikililərin inşa edilməsi və quraşdırılması torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçinin və ya icarəçinin) müraciəti əsasında Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq həyata keçiriləcək. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.
- istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı qeyd olunan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir. Belə ki, suvarma infrastrukturu daha kiçik sahələrdə də quraşdırıla bilər.
Qeyd olunan tikililər, həmçinin tikintisinə icazə tələb olunan suvarma infrastrukturu və istixanalar üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınacaq. Aparılan tikinti barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kənd təsərrüfatı istehsalçıları və emalçılarının bu sahəyə investisiya qoyuluşunun artmasına, torpaqlardan daha səmərəli istifadənin artırılmasına, mülkiyyət hüquqlarının qorunmasına şərait yaradır.
Qanun layihəsi tikinti əmsalından qismən istifadə edildikdə, habelə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin bir hissənin bölündüyü və ya digər torpaq sahəsinə birləşdirildiyi hallarda və bu kimi digər hallarda tikintilərin həyata keçirilməsi qaydası və şərtlərini də ətraflı tənzimləyir.
Bu qanun yalnız kənd təsərrüfatı yerlərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün həyata keçirilən tikinti obyektlərinin həyata keçirilməsini nəzərdə tutur və torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsini qadağan edir.
Bütövlükdə qanun layihəsi kənd təsərrüfatı istehsalçılarının və emalçılarının müvafiq maliyyə resurslarına asan çıxışının təmin edilməsinə, infrastrukturun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsinə, kənd təsərrüfatının iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilməsinə, kənd təsərrüfatının davamlı inkişafına, dövlət xidmətlərinin optimallaşdırılmasına və səmərəli idarəetmə sisteminin qurulmasına, aqrar sahədə keyfiyyət dəyişikliyinə və emal sənayesinin inkişafına, kənd yerlərində əhalinin məşğulluq imkanlarının artırılmasına şərait yaradacaq.
Qanun layihəsi hazırlanarkən mütərəqqi beynəlxalq təcrübə öyrənilib və ondan istifadə olunub.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.