Abşeron və Xızı rayonlarının inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Pirsaatda 300 hektardan çox torpaq günəş elektrik stansiyası üçün ayrılacaq - QƏRAR
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, qoyuluş gücü 240 MVt olan “Xızı-Abşeron” külək elektrik stansiyasının tikintisi məqsədilə Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,0052 hektar, Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 6,1763 hektar, Xızı rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 3,7665 hektar və Xızı rayonu Sitalçay Bələdiyyəsinin mülkiyyətində 18,8293 hektar olmaqla, ümumilikdə 36,7773 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Energetika Nazirliyi bu Qərarla müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun həyata keçirəcək.
Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 36,7773 hektar torpaq sahəsində külək elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərara uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.