Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Xankəndi şəhərində Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin inzibati binasının tikintisi işlərinin satınalınması ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "ArchiCO" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 4 milyon 635 min manat təşkil edir. Ehtimal olunan qiymət isə 5 milyon 23 min 59 manat idi.
Qeyd edək ki "ArchiCO" şirkəti 2009-cu ildə təsis olunduğu gündən etibarən, Azərbaycanda müasir standartlara cavab verən, funksional və estetik baxımdan fərqlənən layihələrə imza ataraq inşaat və mühəndislik sahəsində özünəməxsus mövqe qazanmışdır.
“ArchiCO” MMC, Böyükşor gölünün neft tullantılarından təmizlənməsi, Bakı Zooloji Parkının yenidən qurulması, Şahdağ Turizm Kompleksində kanat yolları, sürüşmə zolaqları, “Lakeside” qış turizm hoteli, beynəlxalq standartlara uyğun FIS Stadionu və Multifunksional Bina kimi mühüm layihələrin inşasını həyata keçirməklə, ölkəmizin mühüm infrastruktur və turizm obyektlərinə töhfə vermişdir.
İcra etdiyi irimiqyaslı layihələr sayəsində “ArchiCO” şirkəti sadəcə Azərbaycanın deyil, regionun da aparıcı mühəndislik şirkətlərindən biri kimi tanınmış, peşəkarlıq, keyfiyyət və innovasiyaya verdiyi önəmlə həm yerli, həm də beynəlxalq səviyyədə etibar qazanmışdır.










