Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi yolların əsaslı təmiri işləri ilə bağlı keçirdiyi tenderə yekun vurub.
Tenderlə bu avadanlıqlar alınır - SİYAHI
FED.az vahid dövlət elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Şabran-D" MMC seçilib və şirkətlə 25,5 milyon manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2022-ci ilin sonuna kimi Şabran şəhərində 18 küçədə yollara asvalt döşənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Şabran-D" MMC-nin rəhbəri Cəlal Bədəlovla Şabran İcra Hakimiyyəti başçısının keçmiş 1-ci müavini Mehdi Balabəyov arasında 2019-cu ildə ciddi maliyyə konflikti, 227 min manatlıq məhkəmə mübahisəsi yaranmışdı.
Cəlal Bədəlov mediaya açıqlamasında, həm də hüquq-mühafizə orqanlarına müraciətində Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştiraka razılıq almaq məqsədi ilə Mehdi Balabəyova 227 min manat verdiyini, amma tenderdə uğurlu nəticə əldə etmədiyini açıqlamışdı.
Başqa sözlə, "Şabran-D" MMC-nin rəhbəri Cəlal Bədəlov tenderlərdə iştirakla bağlı qaydaları pozduğunu etiraf etmişdi.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun ixtisas tələblərinə dair 6-cı maddəsinə əsasən, tender qaydalarını pozan şəxslər 5 il müddətində satınalmalardan kənarlaşdırıla bilər. (Apa)