Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi «Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması» adlı tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi «ELEMENT YT» QSC (2005410371) şirkəti olub. Rəsmi məlumata görə, sözügedən şirkətlə 15 milyon 144 min 749 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, Təhsil Nazirliyi eyni tenderi son 3 ildə artıq 3-cü dəfədir elan edir. İlin eyni dövründə elan edilən tenderin qalibi hər dəfə «ELEMENT YT» QSC olub.
Belə ki,
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsinin «Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması» üzrə 2021-ci ildə elan etdiyi tenderin qalibi də «ELEMENT YT» MMC olub. 21 sentyabr 2021-ci ildə sözügedən şirkəətlə 13 milyon 099 min 714 manatlıq müqavilə bağlanılıb.
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsinin «Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması» üzrə 2020-ci ildə elan etdiyi tenderdə də «Element Yt» MMC qalib gəlib. 11 noyabr 2020-ci il tarixində bu şirkətlə 12 milyon 399 min 775 manatlıq müqavilə imzalanıb.
Başqa sözlə, «Element YT» şirkəti son 3 ildə Təhsil Nazirliyindən «Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması» tenderləri üzrə 40 milyon 644 min manatlıq sifariş alıb. Maraqlıdır ki, 2020-ci ildə Nazirlik bu tender üzrə tələb olunan iş və xidmətlərin siyahısını açıqlamışdı. Sonrakı illərdə isə bu siyahı da açıqlanmayıb.
Xatırladaq ki, «Element YT» QSC 2019-cu il yanvarın 16-də yaradılıb, Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr küçəsi, ev 15-də yerləşir, Nizamnamə kaitalı cəmi 2 min manatdır. Şirkətin qanuni təmsilçisi isə Paşayev Mətləb Allahverdi oğludur.