Sumqayıt İH-nin tenderlərində onların elanından sonra yaradılan şirkətlər qalib gəlib.
FED.az "turan"a istinadən xəbər verir ki, Azərbaycanda dövlət satınalmaları zamanı baş verən və normal ölkələrdə korrupsiya qalmaqalına çevrilə biləcək “maraqlı” proseslər öz axarı ilə davam edir: Sumqayıt şəhərində üç tenderdə onların elanından sonra təsis edilən iki şirkət qalib gəlib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin tender komissiyası aprelin 18-də “Vertex Marketing” (VÖEN 2905806461) və “Bertfon SS” (VÖEN 2905806591) şirkətlərini dəftərxana və təsərrüfat mallarının (ümumi dəyəri 93253 manat), elektrik avadanlıq (113 695 manat) və yataq ləvazimatlarının (181 740 manat) satınalınması üzrə tenderin qalibi elan edib.
Dövlət satınalmalarının vahid elektron portalına əsasən, satınalma prosedurları fevralın sonunda - martın əvvəlində başlayıb. Tenderlərin qalibi olan hər iki şirkət martın 18-də Sumqayıtdakı mənzillərin birində eyni hüquqi ünvanda təsis edilib. Onların qanuni nümayəndəsi 38 yaşlı Faiq Hüseynovdur.
Şərtlərə əsasən, tenderdə iştirak üçün iddiaçılar təklifin dəyərindən əlavə mütləq qaydada texniki təkliflərini də (peşakarlıq, təcrübənin olması, həmçinin maliyyə imkanları) təqdim etməlidir. Komissiya texniki göstəricilərə 100 mümkün müsabiqə balından 45-i verir.
Sumqayıt şəhər İH-nin tender komissiyasının üzvü Rəhimdil Əhmədov Turan-a bildirib ki, tenderlərdə minimal sayda namizəd iştirak edib. Komissiya “Vertex Marketing” MMC və “Bertfon SS” MMC-i ən aşağı qiymətlər təqdim etdiyinə görə qalib seçib.