Yanğın baş verən Respublika Perinatal Mərkəzində təmir işlərinin aparılması ilə bağlı aidiyyəti üzrə razılaşdırma işi yekunlaşıb və bu həftə ərzində tender elan olunacaq.
FED.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov brifinqdə sualları cavablandırarkən deyib.
O bildirib ki, tenderin nəticəsinə uyğun olaraq təmir işlərinə başlanılacaq.
V.Qurbanov əlavə edib ki, mərkəzə yeni direktor təyinatı hələ yoxdur.
Qeyd edək ki, bu il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Hazırda həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. (Report)