“Sea Breeze Construction” MMC Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən elan edilən 2 iri məbləğli tenderin qalibi seçilib.
Yol polisinin 21 milyonluq tenderini - BU ŞİRKƏT UDDU
Birinci tenderdə Ağdam rayonunun Eyvazxanbəyli kəndində fərdi yaşayış evlərinin tikintisi və mühəndis kommunikasiya sistemlərinin quraşdırılması işləri həyata keçiriləcək. Bu tenderin ümumi dəyəri 61 733 253 manat təşkil edib.
İkinci tender isə Füzuli rayonunun Pirəhmədli kəndində daha genişmiqyaslıdır. Tender çərçivəsində fərdi yaşayış evləri ilə yanaşı, uşaq bağçası, tibb məntəqəsi, məktəb, qazanxana, nasosxana, dizel generatoru və digər köməkçi tikililər də inşa edilib. Həmçinin mühəndis kommunikasiya sistemləri, abadlaşdırma, yaşıllaşdırma, hasar çəkilməsi və yolların tikintisi işləri yerinə yetiriləcək. Bu tenderin dəyəri isə 50 198 504 manatdır.
Hər 2 tenderi “Sea Breeze Construction” MMC (VÖEN: 1805867851) udub.
Qalib şirkətlə ümumilikdə 111 922 757 manatlıq müqavilə imzalanıb. Bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, “Sea Breeze Constructıon” MMC 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 45 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Elbəy Rzayev Azər oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran şossesi, Nardaran-Ləhiş yolu, ev 32A, mənzil 300 M SAĞ ünvanında yerləşir. Şirkət riskli vergi ödəyicisi deyildir və 23 295.3 manat borcu var.
Xatırladaq ki, müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən “Sea Breeze” dünyada nadir layihə hesab olunur. Burada indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilərək istifadəyə verilib, 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Bundan başqa, ərazidə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımada da yaradılacaq.
“Sea Breeze”də artıq 20 min sakin yaşayır. 2028-ci ilə qədər isə onların sayı 50 mindən çox olacaq. Layihə tam yekunlaşdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq. Belə ki, burada istirahət zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb, məktəb, uşaq bağçası, xəstəxana tikilib, təxminən 10 milyon bitki və ağac əkilərək, yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatdırılıb. Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”in əsas layihələri sahilboyu yerləşir.