Azərbaycanda dövlət satınalmalarında rəqəmsal hissə böyüməkdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin ilk 6 ayında ölkədə elektron satınalma sistemi üzərindən 3 489 satınalma proseduru (tender və sair) həyata keçirilib və bu tenderlərdə ümumilikdə 1,7 milyard manatlıq satınalma olub.
Elektron tenderlərin artması dövlət sifarişlərinin özəl biznes üçün nə qədər böyük bazar olduğunu göstərir. Belə ki, tikinti, İT, nəqliyyat, avadanlıq, xidmət, təchizat və digər sahələrdə işləyən şirkətlər üçün dövlət satınalmaları milyardlarla manatlıq ayrıca satış kanalına çevrilib.
Elektron tenderlərin əsas üstünlüyü bu tenderlərdə dahap çox şirkətin iştirak etməsi, yəni dövlət sifarişlərinin biznes üçün daha əlçatan olmasıdır. Belə ki, ənənəvi tenderlərdən fərqli olaraq elektron tenderlərdə hamı, o cümlədən regionlarda fəaliyyət göstərən şirkətlər də asanlıqla iştirak edə bilirlər.
Digər tərəfdən, elektron tenderlərdə şirkətlər satınalma elanlarını, texniki şərtləri və tender nəticələrini rəqəmsal formada izləyə bilirlər ki, bu da istər-istəməz şəffaflığa müsbət təsir edir.
Qeyd edək ki, 1,7 milyard manatlıq satınalma həcmi və 3 489 tenderi nəzərə alanda hər elektron tenderdə orta məbləğ təxminən 487 min manat təşkil edib. Amma real tenderlərdə məbləğlər daha fərqlənir: iri infrastruktur layihələri milyonlarla manatla ölçüldüyü halda, kiçik satınalmalarda məbləğlər bir neçə min manat təşkil edir.
Bizneslə yanaşı, elektron tenderlər dövlət üçün də sərfəlidir. Belə ki, elektron satınalmalarda daha çox şirkətin tenderlərə qatılmasına şərait yarandıqca, yəni rəqabət artdıqca, dövlətn eyni məhsul və xidməti daha əlverişli qiymətə alması ehtimalı artır.













