Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2026-cı il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "GESCO" Açıq Səhmdar Cəmiyyəti seçilib.
Qalib şirkətlə 7 016 259 manat məbləğində müqavilə bağlanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 7 522 919 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "GESCO" ASC son günlərdə daha iki mühafizə tenderinin qalibi olub. Belə ki, şirkət 16 fevral 2026-cı il tarixində "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" ilə 248 083 manatlıq, "Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" ilə isə 206 736 manatlıq mühafizə xidməti müqavilələri imzalayıb.
Qeyd edək ki, "Gesco" ASC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Murad Camalzadə Fərrux oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə, bina 5 ünvanında yerləşir.











