Energetika Nazirliyi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Bu tenderi udacaq şirkət 3 milyon manata yaxın pul qazana bilər - ŞƏRTLƏR
FED.az xəbər verir ki, tender Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlıqlarının satınalınması üzrə elan edilmişdi.
Tenderin qalibi “STP Global Cable” MMC (2906015361) olub.
Qalib şirkətlə nazirlik arasında bağlanan müqavilənin dəyəri 3 399 908 manat təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Xatırladaq ki, şirkət daha əvvəldə eyni predmetli tenderdə qalib gəlmişdir. Belə ki, “STP Global Cable” MMC 12 fevral 2025-ci ildə Energetika Nazirliyinin Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlıqlarının alınması üzrə keçirilən tenderdə qalib gələrək 1 699 407 manatlıq müqavilə imzalamışdır.
Qeyd edək ki, “STP Global Cable” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 16 milyon 854 min manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Tamerlan Kurkievdir. Hüquqi ünvanı AZ5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsi, Texno-Park sahəsində yerləşir.