Nazirlər Kabineti “Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nı təsdiqləyib.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Eyni zamanda Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli “Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarı ləğv olunub.
Yeni qərara əsasən, bundan sonra, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi satınalma predmetinin qiymətlərinin azalmasına və artmasına səbəb olduqda - təchizatçı dəyişikliyin baş verdiyi gündən 20 iş günü müddətində satınalan təşkilat qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldıra biləcək. İndiyə qədər bu müddət 20 bank günü idi.
Qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 10 iş günü müddətində qarşı tərəfə rəsmi məlumat verməlidir.