Dövlət Miqrasiya Xidməti daha bir tenderə yekun vurub.
FED.az xxəbər verir ki, qalib “Crystal İnşaat” ASC şirkəti olub.
Şirkət Miqrasiya Xidmətinin Mərkəzi Aparatının inzibati binasında fasad örtüyünün yenilənməsi işlərini həyata keçirəcək.
Qalib şirkətə 2 milyon 485 min manat ödəniləcək. Ehtimal olunan qiymət isə 2 milyon 920 min 275 manat idi.
Bundan başqa, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” PHŞ tərəfindən 15 sentyabr 2025-ci il tarixində keçirilmiş iri həcmli tikinti layihələrində də şirkət qalib olub. Şuşa şəhəri D-4 yaşayış massivində (1-ci mərhələ) 4, 5, 6, 7, 8 və 9 nömrəli yaşayış binalarının tikintisi “CRYSTAL İNŞAAT” ASC-yə həvalə edilib. Layihənin dəyəri 14 milyon 176 min 846 manat 46 qəpik təşkil edib.
Həmin qurumun eyni tarixdə yekunlaşdırdığı növbəti böyük layihə — D-4 massivində 12 binanın tikintisi çərçivəsində sahədaxili kommunikasiya, abadlıq, qurğular və 1, 2, 3, 10, 11 və 12 nömrəli binaların inşası üzrə satınalma da şirkətin qələbəsi ilə nəticələnib. Bu müqavilənin dəyəri 16 milyon 675 min 260 manat 66 qəpik olub. Yekunlaşma tarixi: 15 sentyabr 2025-ci il.
Baş Prokurorluğunun 20 avqust 2025-ci il tarixli satınalması çərçivəsində xarici kommunikasiya xətlərinin çəkilməsi və obyektlərin şəbəkəyə qoşulması işləri üzrə “CRYSTAL İNŞAAT” ASC qalib elan edilib. Müqavilə dəyəri 104 min 650 manat 52 qəpik təşkil edib.
Baş Prokurorluğun 18 dekabr 2024-cü il tarixli başqa bir satınalması üzrə də xarici kommunikasiya xətlərinin çəkilməsi işləri şirkətə həvalə olunub. Bu layihənin dəyəri 93 min 966 manat 66 qəpik olub.
Şirkət həmçinin 16 sentyabr 2024-cü il tarixində Azərbaycan İdman Akademiyasının keçirdiyi satınalma nəticəsində Akademiyanın cari təmir işlərinin icraçısı seçilmişdir. Layihənin dəyəri 190 min 353 manat 14 qəpik təşkil edib.
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsinin inzibati binasının cari təmiri üzrə 9 sentyabr 2024-cü il tarixində keçirilmiş satınalmada da Cəmiyyət qalib olub. Müqavilənin dəyəri 622 min 363 manat 75 qəpikdir.
Bundan başqa, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən 29 yanvar 2024-cü il tarixində keçirilmiş maşın və avadanlıq alınması üzrə satınalmanın qalibi də “CRYSTAL İNŞAAT” ASC olub. Layihənin dəyəri 182 min 700 manat təşkil edib.
Şirkətin daha əvvəl — 8 iyun 2023-cü il tarixində Baş Prokurorluğunun keçirdiyi satınalmada da qalib olduğu qeyd edilir. Həmin satınalma Kürdəmir, Şəki və Bakı şəhəri üzrə Pirallahı rayon prokurorluqlarının yeni inzibati binalarının tikintisi ilə bağlı olub. Müqavilə dəyəri 7 milyon 610 min 978 manat 49 qəpik təşkil edib.
Qeyd edək ki, nizamnamə kapitalı 4 min manat olan “Crystal İnşaat” ASC 11 dekabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 11B/2 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Məmmədov Elgün Qafil oğludur.













