Azərbaycan Mərkəzi Bankı bir qədər əvvəl elan edilmiş və bir sıra xidmət və malların alışını nəzərdə tutan 5 tenderin baş tutmadığını elan edib.
FED.az xəbər verir ki, bu barədə AMB-nin satınalma komissiyasının açıqlamasında bildirilir.
Xatırladaq ki, qanunda sözügedən hissə tenderə qatılan iştirakçılarının sayı 3-dən az olarsa, tenderin ləğv edilməsin tələb edir.
Açıqlamada deyilir:
Azərbaycan Mərkəzi Bankı tərəfindən elan edilmiş aşağıdakı kotirovka sorğuları Satınalmalar komissiyasının 09 avqust 2022-ci il tarixli qərarı ilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir:
- Azərbaycan Respublikası Mərkəzi Bankının avtomatik telefon stansiyasının təkmilləşdirilməsi işlərinin satın alınması;
- Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin satın alınması;
- Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan lift qurğularına texniki xidmətin satın alınması;
- Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan lift qurğuları üçün zəruri ehtiyat hissələrinin satın alınması;
- Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən UPS avadanlıqları üçün akkumulyatorların təchizatı və quraşdırılması işlərinin satın alınması.
"Dövlət satınalmaları haqqında" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU:
Maddə 11. Tenderin baş tutmaması və onun davamından imtina
11.1. Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.