Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin "Avtonəqliyyat vasitələrinə ehtiyyat hissələrinin, sürtkü və digər materiallarının və cari təmir işlərinin satın alınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, 10 aprel 2023-cü il tarixdə elan olunmuş “Avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin, sürtkü və digər materialların və cari təmir işlərinin satın alınması” ilə bağlı 15 055,03 manat dəyərində kotirovka sorğusu Xidmətin özü tərəfindən ləğv edilib.
Buna səbəb kotirovka sorğusunun nəticəsi üzrə iştirakçılar arasında yaxın qohumluq əlaqəsinin müəyyən edilməsi olub.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin Tender Komissiyası Dövlət Satınalmaları haqqında Qanunun 11.2-ci maddəsini əsas götürməklə kotirovka sorğusunun ləğv edilməsi barədə müvafiq qaydada protokol tərtib edərək həmin protokolu aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərib və kotirovka sorğusunun ləğvi barədə protokolda göstərilən qərar Dövlət Xidməti tərəfindən təsdiqlənib.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:
tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;
tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;
tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.