Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı elan edilən tenderlər baş tutmayıb.
Göyçayda dövlət tenderlərini kimlər udur? – SİYAHI, ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, hər iki qurumun keçirdiyi satınalma prosedurları eyni səbəbdən – qanunvericiliyin tələblərinə cavab verən təchizatçı sayının üçdən az olması ilə əlaqədar ləğv edilib. Belə ki, satınalma qanununun 36.1.1-ci bəndinə əsasən, yalnız iki və ya daha az sayda uyğun təklif təqdim edildikdə, tenderin keçirilməsi mümkün sayılmır.
Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən elan olunan tenderin ehtimal olunan dəyəri 245.806,00 AZN idi. Müsabiqənin elan tarixi 13 mart 2025-ci il, saat 15:51-ə təsadüf edib. Təkliflərin son təqdim olunma və eyni zamanda zərflərin açılış vaxtı isə 23 aprel 2025-ci il, saat 16:00 olaraq müəyyən edilmişdi.
Digər tərəfdən, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti də analoji məzmunlu – yəni dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı tender elan etmişdi. Bu satınalmanın ehtimal olunan məbləği isə 199.184,00 AZN təşkil edirdi. Müsabiqə 10 aprel 2025-ci il, saat 17:16-da elan olunmuş, təkliflərin qəbulu və açılışı isə 2 may 2025-ci il, saat 12:00 tarixində nəzərdə tutulmuşdu.
Qeyd edək ki, hər iki tenderin ləğvi, bu sahədə təchizatçıların sayının məhdud olduğunu və rəqabətin istənilən səviyyədə formalaşmadığını göstərir.