Xəbər verildiyi kimi, bir qədər əvvəl Azərbaycanda sahibkarlar çoxdur, onların fəaliyyət göstərdiyi sahələr də çoxdur, müxtəlif dövriyyələri olan sahibkarlar var milyonluq və yaxud da daha az. Amma bütün sahibkarları birləşdirən bir məqam var, onlar hamısı dövlətdən sifariş almaq istəyirlər, dövlət tenderlərini udmaq istəyirlər və son vaxtlar bu sahədə maraqlı yeniliklər baş verib.
Dövlət Xidmətindən sahibkarlara çağırış – DÖVLƏT TENDERLƏRİNƏ QATILIN, AKTİV OLUN!
Dövlət satınalmaları haqqında qanuna edilən dəyişikliklər, onların biznesə təsiri və bu sahədə qalan problemlərlə bağlı FED.az-ın suallarını «Ekvita» şirkətinni partnyoru Şərəf Əsgərova cavablandırıb.
- Şərəf xanım, iş adamları əksəriyyəti bəlkə də izləməsə də, dövlət satınalimaları haqqında dəyişiklik əksəriyyətin fəaliyyətinə təsir edəcək. Qanuna dəyişikliklərin sayı çoxdur, bəs əsas dəyişikliklər nədən ibarətdir?
- Doğrudan da, bildiyiniz kimi, satınalmalar haqqında qanun artıq kifayət qədər köhnəlmişdi. Çünki o, 2001-ci ildə qəbul olunub, ondan sonra bir sıra dəyişikliklər edilib. Qanuna edilən son dəyişikliklərin layihəsi isə may ayının 21-də Milli Məclisdə 3-cü oxunuşundan keçdi.
Yeri gəlmişkən, xatırladım ki, bu dəyişikliklər rəsmi olaraq hələ qüvvəyə minməyib. Bu, cənab prezidentin təsdiqindən, imzasından sonra və dərc olunduqdan sonra rəsmi qüvvəyə minəcək. Bunu ona görə deyirəm ki, bizim sahibkarlar dərhal sistemə daxil olub dəyişiklikləri axtarmasınlar.
- Doğrudur, dəyişikliklər hələ qüvvəyə minməyib, amma praktika göstərir ki, Milli Məclisdə qəbul edilən qanunlar adətən təsdiqlənir, burada problem yoxdur.
- Bəli, çox güman ki, olduğu kimi də təsdiqlənəcək, ona görə də bu dəyişiklikləri artıq əminliklə müzakirə eləyə bilərik.
Düzgün vurğuladığınız kimi, qanuna kifayət qədər çox dəyişikliklər var. Sahibkarlar üçün ən mühüm dəyişiklikləri iki yerə bölmək olar.
Bunlardan birincisi ixtisas uyğunluğu ilə bağlıdır. Siz də bilirsiniz, bir çox sahibkarlardan şərhlər gəlir ki, dövlət satınalmalarında iştirak edən şirkətlərin «skrininqi» - yoxlanması necə baş verir, yəni bunlar nə dərəcədə rəqabətə, belə deyim, dözümlüdürlər, bunların bir yoxlama proseduru varmı. Qanuna əsas dəyişikliklərdən biri bununla bağlıdır.
- Dəyişiklik nədən ibarətdir?
- Əslində, ixtisas uyğunluğunun yoxlanılması qanunda var idi. Sadəcə bu dəyişiklikdə həmin o ixtisas uyğunluğunun yoxlanılması, yəni podratçıların tenderdə, tələblərə uyğun gəlib-gəlmədiyi artıq əvvəlcədən yoxlanacaq.
- Tender elan olunmamışdan, yoxsa nəticələr elan olunmamışdan?
- Tender elan olunmamışdan. Bunun üçün ayrıca artıq deyək, çox müfəssəl olmasa da, müəyyən bir prosedur və belə deyək - ilkin bir filtr olacaq.
- Yəni belə başa düşdüm ki, iş adamları və şirkətlər əvvəlkindən daha ciddi yoxlanılacaqdır
- Bəli, ilkin mərhələdə daha ciddi yoxlanış olacaq.
- İkinci əsas məsələ hansıdır?
- Digər mühüm dəyişiklik kotirovka sorğuları ilə bağlıdır. Deməli, bildiyiniz kimi, bundan əvvəlki dəyişikliklərə əsasən, 3 milyon ABŞ dollarına (təqribən 5 milyon manata) qədər olan məbləğdə tenderlər elektron qaydada keçirilməli idi və burada mütləq bir şərt olaraq mikro kiçik və orta sahibkarlar iştirak etməlii idi. Amma bu qayda yalnız açıq tenderlərə aid idi.
İndi isə dəyişikliklərə əsasən, artıq kotirovka sorğusunu da elektron qaydada həyata keçirmək mümkün olacaq. Bunun böyük müsbət cəhəti var, çünki kotirovka sorğusunun özü tenderə münasibətdə daha asan bir prosedurdur, daha az, həm müddət baxımından, həm əziyyət baxımından, sənədlər baxımından daha asandır. Və bunun elektron qaydada olmağı mikro, kiçik və orta sahibkarlara əlavə üstünlük yaradacaq.
- Yeri gəlmişkən, indiyə qədər kotirovka sorğusu zamanı müddət qısa olduğuna görə çoxları bəzən bundan xəbər tutmurdu. Hətta bəzi təşkilatlar özləri də elanları elə yerləşdirirdilər ki, ümumiyyətlə, onu tapmaq mümkün olmurdu, bunun üçün mütəxəssis olmaq lazım idi. Amma artıq bu məsələnin elektron olması imkan verir ki, harada olursa-olsun, kotirovkada iştirak eləmək mümkün olacaqdır. Elədirmi?
- Tamamilə doğrudur, kotirovka elanları da elektron veriləcək və artıq bu, əlbəttə ki, şəffaflığa doğru çox ciddi bir addımdır. Həmçinin mən deyərdim ki, kiçik və orta sahibkarlar üçün ən böyük məqam budur ki, artıq kotirovka sorğusu elektron qaydada aparıla bilinəcək.
- Kotirovka sorğusunun elektron qaydada aparılması nə deməkdir?
- Yəni, elanın elektron qaydada verilməsi, sənədlərin toplanılması, hətta iştirak haqqının “online” portala ödənilməsinin heç bir yerə getmək, sənədləri aparmaq kimi bir öhdəliyi yoxdur. Yəni çox çevik bir prosedurdur. Zatən ölkə olaraq elektronlaşdırmaya, “digital”laşmaya doğru gedirik və bu, həm də o baxımdan çox böyük bir hadisədir.
- Bəs elektron sistemin olması şəffaflığı necə, təmin edirmi?
- Əlbəttə, yəni şəffaflığın dediyim kimi, təmin olunmasında, bu çox böyük addımdır. Çünki bu, belə deyim, konsirovka sorğularında verilən sənədlərin hamısı sistemə yüklənir və onların yüklənməməyi və yoxlanılmama kimi belə bir şansı yoxdur. Həm də, çox doğru qeyd etdiniz ki, bu sənədləri göndərmək kimi məsələlər də aradan qalxdığı üçün onların işi daha çox asanlaşır.
- Şərəf xanım, kotirovka sorğusu başa çatandan sonra qalib gələn, yaxud da gəlməyən sahibkar digərlərinin təkliflərinə baxa biləcək?
- Bəli. Elə bir şans olacaq, çünki açıqlanacaq ki, sahibkarlar əmin olsunlar ki, seçim obyektiv olub. Elə bir mexanizm nəzərdə tutulub və hətta sahibkarın qalib olub-olmaması haqqında bildiriş, məlumat da elektron qaydada həmin sahibkara, iştirak edən sahibkara göndəriləcək.
- Qanunda başqa hansı ciddi dəyişikliyi qeyd etmək olar?
- Başqa əsas dəyişikliklər satınalma müqavilələri ilə bağlıdır, onların özləri ilə bağlı dəyişiklikdir. Bu da vacib bir məqamdır. Nəyə görə? Biz hamımız bilirik ki, dövlət qurumlarında ödənişlə bağlı həmişə problemlər olur. Müqavilə imzalansa da, iş görülsə belə, təsdiqlərin alınması, ödənişin edilməsi uzanır.
İndi isə bu məsələdə dəyişiklik var. Qanunvericilik yenə bir addım daha irəli gedib və bir vaxt limiti qoyulub. Yəni sahibkar sənədləri toplayır, o cümlədən ödəniş üçün sənədi satın alan təşkilata təqdim edir. Sənədlər 15 bank günü ərzində təsdiqlənməli və ödəniş edilməlidir.
Yeri gəlmişkən, bu qanunla paralel olaraq İnzibati Xətalar Məcəlləsində də təklif olunan dəyişikliyə görə, bu ödənişi eləməyənlərə və ləngidənlərə qarşı cərimələr nəzərdə tutulur.
- Biz satınalmalar haqqında qanuna edilən dəyişikliklərdən danışırdıq. Bəs qanuna edilməyən, amma edilməsi vacib olan dəyişiklik, dəyişdirilməsinə hələ də ehtiyac olan hansısa məqam qalıbmı?
- Bilirsiniz, Əli müəllim, əslində biz bu qanunun idealda təzədən yazılmağını məsləhət görərdik, çünki onun dili çox mürəkkəbdir.
- Bildiyimə görə, hökumətin belə bir planı var...
- Bəli belə bir plan var və biz bunu gözləyirik. Ona görə də indiki dəyişiklikləri orta müddətlik, yəni müvəqqəti bir addım kimi dəyərləndirmək olar. Yəni hazırda olan problemləri həll eləmək üçün.
- Bəs qanunda nə dəyişməlidir? Yəni orada sahibkarlara problem yaradan hansı əsas problem qalıb?
- Burada hələ də qalan əsas məsələ - kotirovka sorğusunun məbləğiylə bağlıdır. Bu biznesləri ən çox narahat edən məsələlərdən biridir. Bildiyiniz kimi, hazırda kotirovaka sorğuları yalnız 50 min manata qədər olan satınalmalara aiddir. Yəni kotirovka sorğusu 50 minə qədər olan vəsaitlərə dair verilə bilər. Amma biznes bu məbləğin, limitin artırılmasını istəyir.
- Yəni 50 mindən yuxarı onsuz da kotirovka sorğusu elan oluna bilməz?
- Müstəsna hallarda. Onun da əsaslandırılması çox çətin olur. Ona görə də biznes çox maraqlıdır ki, qalxsın bu məbləğ.
- Bəs sahibkarlar bu məbləğin hansı həddə yüksəldilmsəsini istəyir?
- Mənim bildiyim qədərilə, 100 min manatadək artmasını istəyirlər. Hal-hazırda bununla bağlı müzakirələr gedir.
- Biznes üçün nə fərqi var, tender və yaxud kotirovka sorğusu?
- Kotirovka sorğusu özü-özlüyündə daha asan prosedurdur, onun müddətləri daha qısadır, iştirak haqqı daha azdır, sənədləri tələb olunan informasiya azdır və vaxt baxımından çox əlverişli bir prosedurdur. Əslində məntiq də odur ki, çox böyük məbləğ olmayan satınlamalar üçün açıq tender elan etməyin bir mənası yoxdur, çünki vaxt itkisidir. Həm dövlət, həm də sahibkar üçün.
- Bir məsələ də var: biz əlbəttə ki, istəyirik ki, proses maksimum şəffaflaşsın ki, burada maksimum çox adam iştirak eləsin. Bu - sahibkarlar tərəfindən olan yanaşmadır. İndi gəlin biz bu prosesə satın alan təşkilat tərəfindən baxaq. Adətən dövlət qurumlarından bununla bağlı əsas narazılıq ondan ibarətdirki, satınalma proseduru çox sadələşəndə ortaya tamamilə təsadüfi şəxslər düşə bilər. Təsəvvür eləyin, bir neçə peşəkar təşkilatdır və onlar hamısı müəyyən bir qiymət deyirlər, bu zaman başqa bir təşkilat gəlir, tamamilə ucuz qiymət deyərək o sifarişi götürür. Ola bilər bu təşkilat yenicə fəaliyyətə başlayıb, ola bilər o, gələcəkdə yarana biləcək problem və öz imici üçün narahat deyil və sabah lazım olarsa sadəcə MMC-ni bağlayacaq, ləğv eləyəcək. Yəni prosesi bu qədər sadələşdirmək görülən işlərin işlərin keyfiyyətinə problem yarada bilərmi? Belə bir risk varmı?
- Əlbəttə elə bir risk var və bunun qarşısının alınması, əslində düşünürəm ki, planlaşdırılan yeni layihədə öz əksini tapmalıdır. Çünki qanun çevik deyil. Bu qanun ixtisas meyarlarını da artıq əvvəlcədən müəyyənləşdirir və həm yəni satın alan şirkətdə də bir çeviklik yaratmır ki, o istədiyi formada, istədiyi belə deyim, podratçıları, mal göndərənləri seçsin. Yəni onları saxlayır.
- Çox maraqlı vəziyyətdir. Biz bir tərəfdən istəyirik ki, dövlət təşkilatı öz istədiyi podratçını seçə bilməsin, çünki neqativ hallar ola bilər, necə deyərlər, rusca ona “otkat” deyirlər, o olmasın, bunun qarşısını almaq üçün qanun sadələşdirilir, amma sadələşdirmə də gedəndə təsadüfi adamlar üçün ümumiyyətlə o iş görülmür, başqa problem yaranır.
- Bəli, buna paradoks deyirlər.
- Sizin şirkət – «Ekvita» bizneslə, yerli və xarici sahibkarlarla yaxından işləyir. Bu sahədə - satınalmalarda sahibkarların əsas şikayətləri nədən ibarət olur?
- Bizim öz təcrübəmizdə qarşılaşdığımız məsələlərdən biri odur ki, qanunda istisnalar müəyyən olunmur. Elə ixtisaslar, elə işlər, elə xidmətlər var ki, onlar öz spesifikasına görə çox fərqlidirlər. Məsələn, kinematoqrafiya sahəsi. Məsələn, təşkilat, hansısa rejissorla, brendə çevrilmiş insanlarla işləmək istəyir. Amma qanun buna icazə vermir. Məsələn, dövlət əhəmiyyətli bir film çəkmək istəyirsən, tutaq ki, Taratinonu dəvət eləmək istəyirik, mümkün deyil. Nəyə görə? Çünki bu limitlər var, kino, memarlıq və sair məsələlərdə, çeviklik yoxdur.
- Amma Nazırlər Kabinetinə müraciət eləyərək birbaşa satınalmalar olur, elədirmi?
- Olur, bəli. Amma bu, yenə də dediyimiz kimi, çətin və vaxt aparan bir prosedurdur. Daha yaxşı olardı ki, qanun özü-özlüyündə müəyyən istisnalar yenə də nəzərdə tutardı. Sırf bu işin spesifikasını nəzərə alaraq.