Hesablama Palatası dövlət satınalmaları sahəsində problemlərin hələ də davam etdiyin bildirib.
MİDA-nın böyük tenderlərini kim qazanır? - ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az xəbər verir ki, bundan başqa, Palata bu sahədə yeni çətinliklərin ortaya çıxdığını aşkar edib.
Palatanın 2021-ci ilin ilk 6 ayının nəticələri ilə bağlı hesabatında bildirilir ki, müxtəlif qurumlarda aparılan auditin nəticələri göstərib ki, dövlət satınalmaları sahəsində müsbət dəyişikliklər olsa da, aşkar edilmiş nöqsanlar arasında, «əvvəlki illərdə olduğu kimi, büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanların payı yüksək olmuşdur».
Pulu başqa yerə xərcləyirlər, alınan mal istifadəsiz qalır
Palata bildirir ki, müxtəlif təşkilatlarda dövlət vəsaitlərinin təyinatının dəyişdirilməsi, bəzi xərc istiqamətləri üzrə (xüsusilə investisiya xərcləri) vəsaitlərin xərclənməməsi, tələbatın düzgün müəyyən edilməməsi səbəbindən dövlət əmlakının və alınmış mal-materialların istifadəsiz qalması halları aşkar edilib.
Öz işlərini satınalma ilə başqa şirkətə gördürürlər
Bundan başqa, palata aşkar edib ki, bəzi qurumlar tərəfindən müxtəlif növ tədbirlər üzrə qüvvədə olan normativlərə əməl etmədiklərinə görə, artıq xərclər yaranır. Bəzi hallarda qeyri-büdcə gəlirlərinin əldə edilməsi üçün zəruri tədbirlər görülmədiyinə görə, dövlət büdcəsindən əlavə vəsaitlərə tələbat və istifadəyə yol açılır. Palatanın diqqət çəkdiyi digər maraqlı məqam odur ki, bəzi hallarda qurumun vəzifə və funksiyalarına aid olduğu halda, həmin işlərin yerinə yetirilməsi üçün kənar təşkilatlarla satınalma müqavilələri bağlanılır və icra edilir.
İnternetlə qatılıb tenderi udurlar, amma icra edə bilmirlər
Palata dövlət təşkilatlarının son vaxtlar qarşılaşdığı digər maraqlı məqamı da səsləndirib. Söhbət satınalmalar zamanı «təsadüfi», yəni xidməti icra edə bilməyən icraçıların seçilməsidir.
Palata bildirir ki, satınalma prosesinin elektronlaşması nəticəsində satınalmalar (tenderlər) barədə məlumatlara əlçatanlıq təmin edilib və dövlət satınalmalarında iştirak edən iddiaçıların sayının artması ilə rəqabət mühiti genişlənsə də, bəzi hallarda öhdəlikləri yerinə yetirmək imkanları qənaətbəxş olmayan iddiaçıların satınalmalarda qalib olması riski də yaranıb.
«Bu isə, son nəticədə dövlət satınalmaları üzrə müəyyən ləngimələrin olması, təqdim edilən malların (işlər və xidmətlərin) keyfiyyətinin qənaətbəxş olmaması, bəzi hallarda isə qalib iddiaçının ümumiyyətlə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsindən imtinası ilə bağlı risklərə yol açır».
Materiallar hər il 16% bahalaşıb, tikintidə problemlər yaranıb
Palata satınalmalarla bağlı başqa bir vacib problemi qaldırıb. Söhbət son vaxtlar tikinti materiallarının qiymətinin artması nəticəsində tikinti tenderlərinin icrasında yarana biləcək çətinliklərdir.
Hesablama Palatası bildirir ki, satınalmalar sahəsində qiymət artımının təsiri ilə bağlı risklər hələ də qalmaqdadır. «Məlumatların təhlili bu məsələnin xüsusilə tikinti sahəsi üzrə aktual olduğunu göstərir. Tikinti materiallarının istehsalı üzrə qiymət indeksi son 3 il ərzində (2018 – 12%, 2019 – 17,8%, 2020 – 18,5%, mənbə: Dövlət Statistika Komitəsi) hər il orta hesabla 16% artmışdır. Tikinti materiallarının qiymətinin yüksəlməsi müqavilələrin icra edilməsində və dövlət investisiyalarının son nəticəyə təsiri ilə bağlı risklər yaradır»-deyə hesabatda bildirilir.
İT xərcləri artıb, qiymətə nəzarət etmək olmur
Nəhayət, Palata son vaxtlar satınalmalar sahəsində ortaya çıxan daha bir yeniliyin yaratdığı riskləri açıqlayıb. Söhbət İT xidmətlər və proqram təminatı üzrə satınalmalardan gedir. Palata bildirir ki, son illər müxtəlif sahələrdə rəqəmsallaşma meyillərinin yüksəlməsi müxtəlif növ proqram təminatı və onlara xidmət edilməsi ilə bağlı xərcləri ciddi şəkildə artırıb.
Hesablama Palatasının həyata keçirdiyi auditlər zamanı isə bu sahədə bir sıra nöqsanlar aşkar edilib. Bura proqram təminatının hazırlanması zamanı texniki tapşırıq üzrə tələblərin düzgün müəyyən edilməməsi, müqavilə üzrə proqram təminatında göstərilmiş işlərin tam yerinə yetirilməməsi, müqavilə qiymətini müəyyən edən əsasların zəif olması halları aiddir.
«Ehtimal olunan qiymət» qaydası qiymətləri çərçivəyə salıb
Bununla yanaşı, Hesablama Palatası satınalalar sahəsində müsbət dəyişiklikləri də qeyd edib. Palata bildirir ki, bəzi sahələrdə əvvəlki illərə nisbətən müsbət dəyişikliklər baş verib. Belə ki, dövlət satınalmaları sahəsində ehtimal olunan qiymətlərin hesablanılması zamanı satınalan təşkilatların “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”na riayət etməsi dövlət resurslarının qənaətli istifadəsinə şərait yaradıb. Eləcə də bəzi işlər xidmətlər üzrə ehtimal olunan qiymətlər bazar qiymətinə yaxınlaşmağa başlayıb.
Tenderlərdə iştirak edənlərin sayı sürətlə artır
Palata bildirir ki, aparılan islahatlar tenderlərdə iştirak edənlərin sayının artmasına səbəb olub. «Son 2 il ərzində ölkədə e-satınalma modelinin tətbiq edilməsi keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edilməsi və rəqabətli satınalma metodlarının tətbiqi satınalmalarda iştirak edən iddiaçıların sayının artmasına səbəb olub.