"İnnovasiya və Təchizat Mərkəzi" tibb müəssisələrində əsaslı təmir işləri və spesifik xəstəliklər üzrə dərmanların satın alınması ilə bağlı keçirdiyi 3 tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bütün satınalmalar üzrə qalib şirkətlərlə 29 mart 2026-cı il tarixində müqavilələr imzalanıb:
Bakı şəhəri və respublikanın digər bölgələrində yerləşən 49 tibb müəssisəsinin rentgen, flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında əsaslı təmir işlərinin aparılması üçün "AZDEV ENGINEERING CONSTRUCTION" MMC ilə 2 498 930 manat məbləğində müqavilə bağlanıb.
İxtioz və bullyoz epidermoliz xəstəliyi üzrə tibb vasitələrinin satın alınması üçün "ZEYTUN PHARMACEUTICALS" MMC ilə 1 298 894 manat məbləğində müqavilə imzalanıb.
Uşaqlarda kistoz fibroz genetik xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin satın alınması üzrə də qalib "ZEYTUN PHARMACEUTICALS" MMC seçilib. Bu müqavilənin məbləği 628 890 manat təşkil edir.
Ümumilikdə qeyd olunan iş və xidmətlərin satın alınmasına 4 426 714 manat vəsait ayrılıb.












