"Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutu və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən nəqliyyat vasitələrinin alınması ilə bağlı elan olunmuş tenderlər ləğv edilib.
Dövlət Xidməti 2 milyona minik avtomobilləri və avtobuslar alır - TENDER
FED.az xəbər verir ki, hər iki tenderin ləğv səbəbi eyni olub – qanunvericiliyə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün zəruri sənədləri təqdim edən və tələb olunan hallarda müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olub.
"Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutu 152 min 102 manat dəyərində minik avtomobili almağı planlaşdırırdı. Müvafiq tender 13 mart 2025-ci il tarixində elan olunmuş, təkliflərin qəbulu isə 16 aprel 2025-ci il saat 10:00-a qədər davam etmişdi. Elə həmin saatda zərflərin açılması nəzərdə tutulmuşdu.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi isə 264 min manat dəyərində üç ədəd avtomobilin alınması üçün tender keçirməyi planlaşdırırdı. Bu müsabiqə isə 11 mart 2025-ci ildə dərc edilmiş, son təklif qəbulu və zərflərin açılışı 14 aprel 2025-ci il saat 17:00-a təyin olunmuşdu.
Hər iki tenderin ləğvi “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci bəndinə əsasən həyata keçirilib. Bu bəndə əsasən, satınalma prosedurlarında iştirak etmək üçün tələblərə cavab verən təchizatçıların sayı üçdən az olduqda, tender ləğv olunur.