Dövlət Gömrük Komitəsinin keçirdiyi 2 tender ləğv edilib.
FED.az xəbər verir ki, komitənin Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunda cari təmir işləri və Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postunda əsaslı təmir işlərinin aparılması üzrə elan etdiyi tenderlər ləğv edilib.
Eləcə də bax: Gömrük məntəqəsini - BU ŞİRKƏT TƏMİR EDƏCƏK
Gömrük Komitəsi bildirir ki, tenderlər «Dövlət satınalmaları haqqında» qanunun 11.2 və 27.4-cü maddələrinə uyğun olaraq ləğv edilib.
Qanuna nəzər saldıqda məlum olur ki, tenderin ləğv edilmə səbəbi malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasıdır.
Maddə 27.4-də deyilir:
27.4. Hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır. Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, aşağıda göstərilən şərtlərə əməl etdikdən sonra belə təklifləri rədd edə bilər:
27.4.1. satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən malgöndərəndən (podratçıdan) onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat aldıqda;
27.4.2. malgöndərənin (podratçının) yazılı sorğu əsasında təqdim etdiyi bütün izahat və məlumatları aldığı halda, satınalma müqaviləsinin yerinə yetirilməyəcəyinə şübhələr qaldıqda.
Maddə 11.2-də deyilir:
11.2 Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:
tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;
tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;
tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.
Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Satınalan təşkilat tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənin (podratçının) sorğusu ilə ona bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etməsi barədə məlumat verir.