Azərbaycanda gələn il yanvarın 1-dən "Dövlət Satınalmaları haqqında" yeni Qanunun tətbiqi ilə dövlət satınalmalarının 100 faiz rəqəmsal platformalar vasitəsilə təşkili və aparılması nəzərdə tutulur.
Dövlət satınalmalarında iştirak edən sahibkarlara arayışın verilməsi xidməti elektronlaşdırılıb - VİDEO
FED.az xəbər verir ki, bu barədə "Yeni nəsil iqtisadiyyatda süni intellekt: Çağırışlar və imkanlar" mövzusunda keçirilən tədbirdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
"Qanun layihəsi beynəlxalq praktikaya uyğun hazırlanıb və bu zaman dövlət təşkilatları və bazardan alınmış fikirlər əsasında proseslərin, mənfi məqamların hamısı qiymətləndirilib. Nəticədə yanvarın 1-dən Azərbaycanda dövlət satınalmalarının hamısı rəqəmsal platformalar vasitəsilə aparılacaq. Biz dövlət satınalmalarına yalnız dövlət vəsaitlərindən səmərəli istifadə yox, həmçinin sahibkarlığın inkişafına dəstək baxımından yanaşırıq. Yeni qanunla tətbiq edilən rəqəmsallaşmanın yalnız əlçatanlıq, şəffaflıq cəhətdən yox, bir müddətdən sonra dövlət satınalmaları üzrə dərin datanın tətbiqi nəticəsində alternativ, daha effektiv və daha səmərəli həllərin ortaya çıxması baxımından faydalı olacağına inanırıq. Artıq yeni qanuna uyğun olaraq dövlət satınalmalarının elektron platformasının təkmilləşdirilməsinin son mərhələsindəyik. Süni intellekt vasitəsilə dövlət satınalmalarındakı nöqsanların aşkarlanması üzrə tərəfdaş şirkətlərlə işləyirik", - deyə M.Abbasbəyli diqqətə çatdırıb.