Ədliyyə Nazirliyi “Penitensiar Xidmətin Təchizat İdarəsi” elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Azərbaycanda uniforma biznesi – dövlət tenderlərini kimlər udur – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, tender yumşaq inventarların satın alınması məqsədilə elan edilmişdi. Tenderin qalibi “Esen Tekstil” MMC (VÖEN: 1007376401) olub və şirkətə 3 880 430 AZN məbləğində ödəniş ediləcək.
Qeyd edək ki, “Esen Tekstil” MMC bu il ərzində digər dövlət qurumlarının tenderlərində də qalib olub. Belə ki, 6 avqust tarixində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən elan olunan tenderdə Respublika mühafizə hissələrinin polis və mülki mühafizə xidməti əməkdaşlarına xüsusi geyim formaları və fərqlənmə nişanlarının alınması işlərini 4 338 423 AZN müqabilində icra edib.
Bundan əlavə, 25 iyun tarixində DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən keçirilən tenderdə geyim əmlaklarının və yataq ləvazimatlarının alınması işləri ilə bağlı 20 621 875 AZN dəyərində tender udub. Həmçinin, Ədliyyə Nazirliyinin “Penitensiar Xidmətin Təchizat İdarəsi” tərəfindən elan olunmuş digər tenderlərdə yumşaq inventarların alınması üzrə 13 mayda 2 892 613 AZN və 9 yanvarda 1 012 511 AZN məbləğində sifarişlər alıb.
Qeyd edək ki, “Esen Tekstil” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşid Xəlilov Tahir oğludur. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mikrorayon 7, ev 29 B, m. 86 ünvanında yerləşir.