Azərbaycanda dövlət tenderlərində satınalma prosesinin bütün mərhələləri internet üzərindən olacaq.
Eləcə də bax: İlham Əliyev «ASAN Xidmət» mərkəzi və Aqroparkın – AÇILIŞINDA
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin Kürdəmir rayonuna səfəri və burada yeni «ASAN Xidmət» mərkəzinin istifadəyə verilməsi zamanı məlumat verilib.
ASAN Xidmətlə bağlı təqdimatda Prezident İlham Əliyevə dövlət satınalmalarının vahid internet portalı barədə də məlumat verildi.
Qeyd edildi ki, bu portal dövlət satınalmalarının vahid platforma üzərindən elektron mühitdə həyata keçirilməsinə imkan verən platformadır.
Portalın əsas məqsədi satınalma prosesinin təkmilləşdirilməsi və operativliyin artırılması, eyni zamanda, prosesin təşkili zamanı dövlət–özəl sektoru əməkdaşlığının təmin edilməsidir.
Satınalma prosesinin bütün mərhələləri - tenderin elan edilməsi, təkliflərin qəbulu və qiymətləndirilməsi, müqavilələr və hesab-fakturaların formalaşması tamamilə elektron mühitdə həyata keçirilir.
Həmçinin satınalma prosesinin sürətlə aparılması üçün müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya həyata keçirilib.
Prezidentə bildirilib ki, Platformanın yaradılması satın alan və podratçı tərəfindən xərclərin azalması ilə bərabər, beynəlxalq reytinqlərdə də ölkəmizin mövqeyinin yaxşılaşmasına təsir edəcəkdir.