Dövlət satınalmalarda iştirak edən podratçı şirkətlərin texniki peşəkarlıq səviyyəsinin öncədən müəyyənləşdirilməsi yeni qanunvericiliklə tətbiq oluna bilər.
Eləcə də bax: Dövlət Xidməti: "Elektron satınalmalarda bu il böyük artım gözləyirik"
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2021-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edən qurumun rəhbəri Məmməd Abbasbəyli deyib.
Onun sözlərinə görə, yeni satınalmalar qanununun əsas təməl prinsipi rəqəmsal platformadır, onun əsasında satınalmalar keçirildikdə bu məsələlər həllini tapacaq.
"Azərbaycanda sahibkarlar mövcud qanunvericilik çərçivəsində hərəkət edirlər və etməlidirlər də. Dövlət satınalmaları qanununda və digər əlaqəli qanunlarda satınalmada iştirak edən sahibkarların nizamnamə kapitalına heç bir məhdudiyyət yoxdur. Bildiyiniz kimi, 10 manat nizamnamə kapitalı olan şirkətlər də yaradılır. Qanunvericilikdə buna qadağalar yoxdursa, onların satınalmalarda iştirakına qadağa qoyula bilməz. Podratçı təşkilatın nizamnamə kapitalı, yaranma tarixi yox, onun təcrübəsi nəzərə alınmaqla satınalmalarda iştirakı təmin olunmalıdır", - deyə M. Abbasbəyli qeyd edib.
Dövlət Xidmətinin rəisinin fikrincə, yeni yaradılan şirkətin təcrübəsiz olduğu fikri əsassızdır və peşəkarlıq birbaşa insan faktoruna bağlıdır.
"Hər bir peşəkar insan özü üçün şirkət yaradanda, təcrübəsini özü ilə aparır. Bu səbəbdən biz nəzarət orqanı olaraq, satınalma təşkilatları üçün təlimatlar və tövsiyələr hazırlayırıq ki, bu, nə deməkdir, yəni bizim bu məsələyə yanaşmamız necədir. Peşəkar şirkətlərin müəyyənləşdirilməsi üzrə bu gün qanunvericilikdə müəyyən qrammatik baza var. Yəni dövlət satınalma təşkilatı istədikdə texniki meyarlar müəyyən etməklə peşəkarlıq və dəyər üzrə qiymətləndirməni bir yerə gətirməklə şirkəti seçə bilər", - deyə M. Abbasbəyli bildirib.
O həmçinin əlavə edib ki, bununla bağlı yeni qanun layihəsində kifayət qədər inkişaf etmiş həllər var: "Bu gün elə podratçı şirkətləri var ki, bildiyi və bilmədiyi bütün sahələrə sənədlər təqdim edirlər. Onların bir qisminin məqsədi qalib gəlmək və layihəni icra etməkdir. Elə şirkətlər də var ki, qalib gəlib öz hüququnu peşəkara satırlar. Belə hallar baş verir və biz bunu görürük. Ona görə öncədən peşəkarlığın müəyyənləşdirilməsi və onun əsasında qiymətləndirmənin əldə olunması yeni qanunvericilikdə tətbiq oluna bilər", - deyə M. Abbasbəyli əlavə edib. (Apa)