Hesablama Palatası Azərbaycanda dövlət satınalmalarının – tenderlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb.
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən “Dövlət satınalmalarının auditi – Təcrübə və innovasiya” mövzusunda seminarda bildirib.
Xatırladaqki, seminarda Hesablama Palatasının rəhbərliyi və əməkdaşları, SIGMA ekspertləri, habelə bir sıra ölkələrin ali audit orqanlarının nümayəndələri iştirak ediblər.
Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, yYeni qəbul olunmuş “Dövlət satınalmaları haqqında” Qanun və onun tətbiqi dövlət satınalmalarının həcmini əhəmiyyətli dərəcədə artırıb.
Bununla yanaşı, sədr satınalma sahəsində bəzi çətinliklərin olduğunu da bildirib:
«Eyni zamanda, yeni qanunvericiliyin icrası üzrə bəzi çətinliklər və təkmilləşdirilməli məqamlar da mövcuddur. Bu baxımdan Hesablama Palatası dövlət satınalmaları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, hesabatlılığın artırılması, şəffaflığın gücləndirilməsi ilə bağlı bir sıra təkliflər hazırlayıb»-deyə V.Gülməmmədov bildirib.
Onun sözlərinə görə, təkliflər bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini, hesabatlılığın artırılmasını və şəffaflığın gücləndirilməsini əhatə edir.
Tədbirdə müxtəlif ölkələrin (Avropa Auditorlar Məhkəməsi, Portuqaliya, Latviya və Kosova) ali audit orqanlarının dövlət satınalmalarının auditi sahəsindəki müasir yanaşmaları, innovativ təcrübələri iştirakçılara təqdim olunub. İştirakçılar qrup müzakirələri formatında dövlət satınalmalarının auditi zamanı qarşıya çıxan riskləri və problemləri, həll yollarına dair təkliflərini bölüşüblər.
Seminar başa çatdıqdan sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qonaqları qəbul edərək, dövlət satınalmalarının auditi üzrə aparılan təlimlərin əhəmiyyətini vurğulayıb. O, bu cür beynəlxalq təcrübə mübadiləsinin dövlət maliyyə nəzarətinin səmərəliliyinin artırılması baxımından xüsusi rol oynadığını qeyd edib.
Görüş zamanı qonaqlar əldə olunan nəticələr, qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, gələcəkdə bu sahədə birgə layihə və təşəbbüslərin reallaşdırılması imkanları barədə fikir mübadiləsi aparıblar. Həmçinin göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, seminarın yüksək səviyyədə təşkilini məmnunluqla vurğulayıblar.