Azərbaycanda dövlət satınalmaları üzrə audit prosesində avtomatlaşdırılmış qiymətləndirmə tətbiq ediləcək.
Vüqar Gülməmmədov: "Dövlət satınalmalarında süni intellektdən istifadə edilə bilər"
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Bildirilib ki, Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə dövlət satınalmalarının auditində diqqətə alınmalı məqamlara dair iclas keçirilib. İclasda Hesablama Palatasının kollegiya üzvləri və struktur bölmələrinin əməkdaşları iştirak edib.
İlk olaraq dövlət satınalmalarının auditinin planlaşdırılma və həyata keçirilmə mərhələləri üzrə qiymətləndirilməli əsas məsələlər barədə təqdimat nümayiş etdirilib. Dövlət satınalmalarının qanuniliyi, səmərəliliyi və nəticəliliyi ətrafında müzakirələr aparılıb.
Daha sonra iclasda çıxış edən Palatanın aparat rəhbəri və Dövlət auditinin rəqəmsallaşdırılması və informasiya infrastrukturunun idarəedilməsi şöbəsinin əməkdaşı dövlət auditinin rəqəmsallaşdırılması üzrə görülən işlərin mövcud vəziyyəti barədə məlumat təqdim ediblər. Qeyd olunub ki, müxtəlif, o cümlədən dövlət satınalmaları ilə bağlı informasiya sisteminə daxil edilən və ötürülən məlumatların müvafiq meyarlar əsasında avtomatlaşdırılmış emalı və qiymətləndirilməsi nəzərdə tutulur.
Sonda Palatanın sədri dövlət maliyyə nəzarətinin səmərəliliyinin artırılması, dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı işlərin genişləndirilməsi və dövlət satınalmalarının auditi üzrə metodiki sənədin təkmilləşdirilməsi üçün Kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərini tapşırıqlar verib.
Sədr növbəti iclasda dövlət büdcəsinin icrasının, eləcə də sifarişçi təşkilatların ayrı-ayrı layihələri üzrə dövlət investisiyalarının icrasının təhlili ilə bağlı məsələlərin müzakirə ediləcəyini qeyd edib.












