Tenderlə bərabər kotirovka sorğusunda da iştirakla əlaqədar iştirak haqqı müəyyənləşir.
FED.az xəbər verir ki, bu, “Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Eləcə də bax: "Satınalma prosesində operativlik, çeviklik və əlçatanlıq səviyyəsi yüksələcək"
Layihəyə əsasən, iştirak haqqı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən ödənilən vəsaitdir. Kotirovka sorğusu şərtləri satınalan təşkilatın kotirovka şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəddir.
Qüvvədə olan qanuna görə, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirir.
Təklif edilən dəyişikliyə əsasən, kotirovka sorğusu bura daxil edilir. Başqa sözlə, satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçiriləcək. Bu halda satınalan təşkilat tərəfindən tenderin açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə və (və ya) elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda onu əsaslandıran səbəblər və şərtlər göstərilməklə bu barədə qərar qəbul etməlidir. Bu dəyişikliklərlə əlaqədar tenderdə iştirak haqqının və tender xərclərinin ödənilməsi ilə bağlı 29-cu maddə də yeni redaksiyada veriləcək.
Qüvvədə olan qanuna əsasən, tenderdə iştirak haqqının ümumi məbləği tender predmetinin ehtimal olunan qiymətinin 0,5 faizindən və tender xərclərinin 1,5 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat tərəfindən müəyyənləşdirilir. Tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər iştirak haqları hesabına ödənilir. Tenderdə iştirak haqqını malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata ödəyir. Tenderdə iştirak haqqı geri qaytarılmır. Tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox olduqda fərq satınalan təşkilatın ixtiyarına keçir (büdcədən maliyyələşdirilən təşkilatlar üzrə isə dövlət büdcəsinə köçürülür), az olduqda isə fərq satınalan təşkilatın hesabından ödənilir.
Yeni redaksiyada 29-cu maddənin adı da dəyişir, “İştirak haqqının və tender xərclərinin ödənilməsi” adlanır. Beləliklə, bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar (satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçiriləcək) istisna olmaqla, keçirilən satınalmalar zamanı malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu və kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata iştirak haqqı ödəyəcək. İştirak haqqının ümumi məbləğini tender predmetinin ehtimal olunan qiymətinin 0,3 faizindən və tender xərclərinin 1,2 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat müəyyən edəcək. Tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər tenderdə iştirak haqları hesabına ödəniləcək. Tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox olduqda fərq satınalan təşkilatın sərəncamında qalır (büdcədən maliyyələşən təşkilatlarda dövlət büdcəsinə köçürülür), az olduqda isə fərq satınalan təşkilatın hesabından ödəniləcək.
Satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən zaman tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənlər (podratçılar) tərəfindən iştirak haqqı dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həmin portalın operatoruna ödəniləcək. Bu halda açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilmə və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. İştirak haqqı heç bir halda geri qaytarılmayacaq.
Kotirovka sorğusunun keçirilməsi barədə elan kotirovkaların qiymətləndiriləcəyi gündən azı 10 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalı vasitəsilə dərc olunacaq.
Qanun layihəsi bu gün Milli Məclsin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub. (Apa)