Hesablama Palatası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” mövzusunda tədbir keçirilib.
Məmməd Abbasbəyli: "Büdcə vəsaitləri birbaşa satınalmalar vasitəsilə effektiv istifadə edilə bilər"
FED.az xəbər verir ki, tədbirdə təşkilatçı qurumların rəhbərliyi, eləcə də dövlət orqanlarının və müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Bildirilib ki, növbəti ildən “Dövlət satınalmaları haqqında” yeni Qanun qüvvəyə minəcək və bu, dövlət maliyyəsinin idarəedilməsi sahəsində keyfiyyət dəyişikliyinə səbəb olacaq. Natiqlər qeyd ediblər ki, tədbirin keçirilməsinin əsas məqsədi dövlət sektorunun qurumları tərəfindən qanunvericiliyin daha yaxşı tətbiqinə töhfə verilməsindən ibarətdir.
Sonra tədbirdə yeni qanun və növbəti il üçün Hesablama Palatası aparatının satınalmalarının planlaşdırılması barədə təqdimatlarla çıxışlar olub. (Azərtac)