Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (YTP) tərəfindən istehsal olunan məhsullar tender şərtləri ilə deyil, dövlət satınalmaları çərçivəsində ölkənin dövlət qurumlarına tədarük edilməsi ilə bağlı təkliflər hazırlanıb. Bunu FED.az-a YTP-dən deyiblər.
Yüksək Texnologiyalar Parkından bildirilib ki, təkliflər müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma ərəfəsindədir.
“Qeyd olunan məsələ ilə bağlı Yüksək Texnologiyalar Parkı tərəfindən İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi ilə yazışmalar aparılıb. Hazırda dövlət sifarişi əsasında YTP-də istehsal olunan malların satınalması qaydaları ilə bağlı yazışmalar nazirliklərlə Prezident Administrasiyası və Nazirlər Kabineti səviyyəsində aparılır. Söhbət "Dövlət satınalmaları haqqında" qanuna dəyişikliklərdən gedir. Artıq yaxın günlərdə bu məsələ öz həllini tapacağı gözlənilir”, - deyə YTP-dən bildiriblər.