Son dövrlər Naxçıvan Muxtar Respublikasında aparıldan islahatlar və yeniliklər dövlət satınalmalarını da əhatə edib.
Naxçıvanda “Dövlət satınalmaları haqqında” yeni Qanununun tətbiqi ilə bağlı təlim keçirilib
Naxçıvanda dövlət satınalmalarında vəziyyət, bu sahədə baş verən yeniliklərlə bağlı FED.az-ın suallarını Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar Məmmədov cavablandırıb:
Dövlət Xidməti: "100 000 manata qədər satınalmalar kotirovka sorğusu yolu ilə keçiriləcək"
- Bəxtiyar müəllim, Naxçıvanda son dövrlərədək dövlət satınalmalarında durğunluq hökm sürürdü, demək olar, tender keçirilmirdi. İndi necə, bu sahədə vəziyyət dəyişibmi?
- Sözün həqiqi mənasında, Naxçıvan Muxtar Respublikası tender, satınalma anlayışından kənarda qalmışdı. 2023-cü ilin əvvəlindən bu istiqamətdə mühüm işlər görülür. Sevindirici haldır ki, hazırda Naxçıvanda dövlət qurumları satınalma müsabiqələrinə qoşulurlar. Belə ki, qısa zaman ərzində 150-ə yaxın sahibkarlıq subyektləri tərəfindən bu satınalma müsabiqələrinə müraciət edilib.
Qeyd edə bilərəm ki, cənab Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı və həmin Dövlət Proqramı əsasında hazırlanmış 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nında nəzərdə tutulan sosial infrastruktur layihələrinin icrası məqsədilə cari il ərzində 30-dan çox satınalma elanı verilib. Həmin satınalma elanları dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib.
- Xatırlayıram ki, bir neçə ay bundan əvvəl Naxçıvanda iqtisadi islahatlar başlandıqda ilk addımlardan biri dövlət satınalmalarına nəzarət edən qurumun, yəni Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin satınalmalarla bağlı təlim keçirməsi oldu. Aparılan islahatlar vəziyyətə necə təsir edib?
- Bəli, doğru vurğulayırsınız. Dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə 2023-cü ilin ötən dövrü ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən muxtar respublikada 250-yə yaxın dövlət müəssisə və təşkilatların, sahibkarlıq subyektlərinin iştirakı ilə bir neçə dəfə təlimlər keçirilib. Təlimlərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, satınalma prosesinin necə başlanması, aparılması, müqavilələrin bağlanması şərtlərinə diqqət yetirilib, eyni zamanda bu sahədə peşəkarlığın artırılması və ən əsası məlumatların portala düzgün yüklənməsinə dair maarifləndirmə işləri aparılıb.
- Artıq 2023-cü il demək olar ki, başa çatmaqdadır, yəni ilin yekunlarından da danışa bilərik - bu il ərzində Naxçıvanda keçirilən satınalmaların hansı hissəsi müsabiqə üsulu ilə - tender, kotirovka və sair üsulla keçirilib? Bu rəqəmi 2021-ci və ya 2022-ci illə müqayisə etmək olarmı?
- Çox təəssüf ki, 2021-2022-ci illərdə Naxçıvanda dövlət qurumları tərəfindən ümumiyyətlə satınalma müsabiqələri keçirilməyib. Bu il ərzində 400-dən çox satınalma müsabiqəsi reallaşdırılıb. Bunun 270-ə yaxını kotirovka sorğusu, 125-i açıq tender üsulu ilə keçirilib. Satınalmalarda iştirak etmək istəyən investorlar https://etender.gov.az/ saytı vasitəsilə satınalma şərtləri ilə tanış olub müsabiqədə iştirak edə bilərlər. Bununla əlaqədar olaraq muxtar respublikada təşviqat işləri aparılır və medianın imkanlarından istifadə edilməklə ictimaiyyətin diqqətinə çatdırlır.
- Bəxtiyar müəllim, indiyədək belə bir fikir formalaşmışdı ki, Naxçıvanda tenderdə iştirak etmək mənasızdır, onsuz da qalib gəlmək mümkün olmayacaq. İndi vəziyyət necə dəyişib? Tenderlərdə rəqabət təmin edilirmi?
- Bəli, ötən ilədək muxtar respublikada “tender” anlayışı mövcud olmadığından bu kimi hallarda sahibkarlıq subyektləri muxtar respublikada həyata keçirilən sosial infrastruktur layihələrində iştirak etməyə maraqlı deyildilər. Lakin bu gün həyata keçirilən islahatlar, görülən işlər bu məsələlərin şəffaf, obyektiv şəkildə qiymətləndirilməsinə yol açır. Qarşımızda isə bir məsələ dayanır: sahibkarlıq subyektlərinin satınalmalara dair öncəki yanaşmalarını dəyişmək və tam şəffaflığın bərpa olunduğuna inam yaratmaqdır.
- Bu tenderlərdə nə qədər şirkət iştirak edib və onlardan neçəsi qalib olub? Bu rəqəmi əvvəlki illərlə müqayisə edə bilərikmi?
- Məlumat üçün bildirək ki, 2000-ə yaxın şirkət bu tenderlərdə iştirak ediblər. Bunun da 345-i satınalma müsabiqəsində uğurla yekunlaşıb. Qeyd edək ki, keçirilən satınalmalarda tələb olunan şərtlərə cavab verən şirkətlər isə qalib elan edilir.
- Naxçıvanın yerli şirkətləri bu tenderlərdə nə qədər aktivdirlər?
- Naxçıvan Muxtar Respublikasında 2023-cü ildən başlayaraq bütün satınalmalar “Dövlət satınalmaları” haqqında Qanuna uyğun olaraq aparılır. Bu baxımdan muxtar respublikada keçirilən tenderlərdə iştirak edən şirkətlər arasında muxtar respublikada qeydiyyatdan keçərək fəaliyyət göstərən şirkətlərin də aktivliyi özünü biruzə verir.
- Azərbaycanda dövlət satınalmaları biznes və sahibkarlar üçün ən ciddi sifariş mənbəyidir. Naxçıvan Muxtar Respublikasında bu sahədə vəziyyət necədir?
- “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nında nəzərdə tutulan tədbirlər infrastruktur layihələrinin icrası birbaşa dövlət satınalma proseduruna uyğun olaraq həyata keçirilir. Belə ki, satınalmalarda bu kimi əhəmiyyətli iştirak biznes mühitinin və sahibkarlıq subyektlərinin inkişafı üçün geniş imkanlar yaradır.
Son söz olaraq demək istərdim ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində işlər görülür, muxtar respublikaya sahibkarların və investorların cəlb olunması üçün təşviqat tədbirləri həyata keçirilir.