Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycanda dövlət satınalmaları tarixində maraqlı yeniliyə imza atıb.
FED.az xəbər verir ki, icra hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə küçə və meydanların bayrama uyğun şəkildə bəzədilməsi üçün malların, işlərin və xidmətlərin satın alınması məqsədilə Təkliflər Sorğusu Elan Edib.
Lot – 1. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə küçə və meydanların bayrama uyğun şəkildə bəzədilməsi üçün malların, işlərin və xidmətlərin satın alınması.
Elanda potensial iştirakçılara təklif olunur ki, öz təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün prosedur iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Namizədlər 100 manat iştirak haqqı ödəməlidirlər.
«İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, möhürlənib imzalanmış ayrı-ayrı ikiqat zərflərdə 27 dekabr 2022-ci il saat 17.00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana (əlaqələndirici şəxs – Əhməd Məmmədova, telefon- (012) 496-52-05) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 28 dekabr 2022-ci il saat 11.00-da Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvanda açılacaqdır»-deyə qurumun «Yeni İl» elanında bildirilir.
İlk baxışdan hər şey qaydasında olsa da, diqqətlə yanaşanda məlum olur ki, hər şeyd burada nəzərdə tutulduğu kimi baş versə, tenderdə qalib gələn təşkilat paytaxtda Yeni il şənliklərinə 2023-cü ildə hazırlaşmağa başlayacaq.
Məsələ bundadır ki, təkliflərin qəbulu dekabrın 27-də, zərflərin açılışı isə dekabrın 28-də nəzərdə tutulub. Qalib təşkilatın bir sıra rəsmmiləşdirmə işlərinə daha 2-3 gün vaxt itirəcəyini nəzərə aldıqda, işlər başlananda yeni il şənlikləri bitmiş olacaq.
Halbuki, Bakıda – tender elanında deyildiyi kimi – «Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə küçə və meydanların bayrama uyğun şəkildə bəzədilməsi» prosesi artıq bir həftədən çoxdur, yəni dekabrın əvvəlindən başlayıb.
Bu işlərin hansı qurum tərəfindən yerinə yetiriliyi məlum deyil.
Digər vacib məqam – tender müəllifi ilə əlaqə: Təkliflər sorğusu elanında bildirilir ki, bu elanla bağlı əlaqələndirici şəxs – Əhməd Məmmədovdur (telefon- (012) 496-52-05). Amma bu telefon artıq 1 həftədir ki, heç bir zənglərə cavab vermir.
İkinci vaxib məqam - özü də bu telefon nömrəsi də yalnız tender elanının qəzetdə çıxan versiyaında göstərilib. Dövlət satınalmalarının əsas portalı – etender.gov.az-da isə əlaqə nömrəsi də göstərilməyib. Buradakı elanın mətnində qurumun faks nömrəsi göstərilir və bu ...Azercell nömrəsidir.
Əslində bu faktın özü tender elanının nə qədər məsuliyyətsiz qaydada tərtib edildiyini göstərir.
Qeyd edək ki, Bakı İH tabeliyində olan qurumların keçirdiyi tenderlərdə belə hallar ilk dəfə deyil. Qurumun tabeliyində olan təşkilatlar bir neçə dəfə tender elanını əsas satınalma portalından yayındıraraq, yalnız nəticəsini dərc ediblər.