“Azərişıq” ASC 1 fazalı SMS tipli sayğacların və müxtəlif növ sayğacların satın alınması üzrə tenderlərin davamından imtina edib.
FED.az xəbər verir ki, bu barədə cəmiyyətin elanında deyilir.
“Elektrik sayğaclarının tədarükçülərinin seçimi üzrə tenderlər 2020-ci ilin fevral-mart aylarında elan edilmişdi. Lakin tenderlərin maliyyələşdirilməsi dayandırıldığı üçün Tender komissiyasının qərarı ilə tenderin davamından imtina olunub”, - deyə məlumatda bildirilir.
1 fazalı SMS tipli sayğacların satın alınması üzrə tender fevralın 22-də elan olunmuşdu. Tender proseduru 5 mart saat 16:00-da keçirilməli idi.
Müxtəlif növ sayğacların satın alınması üzrə tender martın 11-də elan olunmuşdu. Tender proseduru 30 aprel saat 16:00-da keçirilməli idi.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.
İnterfaks