“Azərenerji” ASC (VÖEN: 9900000421) Yeni tikilən yarımstansiya üçün avadanlıqların satın alınması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi “Azconstruction” QSC (VÖEN: 1902376131) QSC olub. Tərəflər arasında 59 milyon 997 min manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, qalib şirkət bundan əvvəl də dövlət qurumlarının milyonluq tenderlərinin qalibi olub. Belə ki, bu ilin mart ayında şirkətlə dövlət qurumu arasında “110 kV-luq “Naxçıvan Şəhər” YS-dan çıxan 110 kV-luq EVX-nin kabel xətləri ilə əvəzlənməsi işlərinin satınalınması” ilə bağlı 6 milyon 665 min manatlıq müqavilə imzalanıb.
Ötən il isə QSC ilə dövlət qurumu arasında “110/35/10 kV-luq “Naxçıvan” YS-nın yenidən qurulması, Naxçıvan enerji baş idarəsinin tikintisi və 110/35/10 kV-luq "Çeşməbasar" YS-nın yenidən qurulması” ilə bağlı 46 milyon 572 min manatlıq, “Qozlu Körpü”, “Şeylanlı”, “Aşağı Malıbəyli” KSES-lərin yenidən qurulması və 6 ədəd KSES-in enerji sisteminə inteqrasiyası işlərinin satın alınması” ilə bağlı 40 milyon 507 min manatlıq müqvilələr imzalanıb.
Tərəflər arasında son iki il ərzində imzalanmış dörd müqavilənin ümumi dəyəri 153 milyon 741 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, dövlət satınalmalarının vahid internet portalında olan məlumata görə “Azconstruction” QSC “Azərenerji” ASC-dən başqa heç bir qurum tərəfindən keçirilən tenderlərin qalibi olmayıb.
Qeyd edək ki, “Azconstruction” QSC-ə 2015-ci ildə VÖEN verilib. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Əliyeva Təranə Tahir qızıdır.















