Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi regional təhsil idarələrinin əhatə etdiyi ərazilər üzrə şagirdlərin məktəblərarası daşınması xidmətləri ilə bağlı keçirdiyi 3 tenderin nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bütün satınalmalar bir mənbədən satınalma metodu ilə həyata keçirilib:
Abşeron-Xızı və Dağlıq Şirvan regional təhsil idarələri üzrə şagirdlərin daşınması xidməti üçün "Baku Rent Service" MMC (VÖEN – 1302996801) ilə 1 109 385 manat məbləğində müqavilə bağlanıb.
Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara və Mil-Muğan regional təhsil idarələri üzrə daşınma xidməti üçün "Logistics and Transport Services" MMC (VÖEN – 1307601951) ilə 1 935 211 manat məbləğində müqavilə imzalanıb.
Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur regional təhsil idarələri üzrə daşınma xidməti üçün isə "Fast Vay" MMC (VÖEN – 2306455331) ilə 798 207 manat məbləğində müqavilə bağlanıb.
Ümumilikdə şagirdlərin məktəblərarası daşınması xidmətlərinin satın alınmasına 3 842 803 manat vəsait ayrılıb.











