2022-ci ildə Azərbaycanda ümumilikdə 12 102 sayda satınalma tətbiq edilməklə 6 779,2 milyon manat məbləğində satınalma müqavilələri “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş metodlar tətbiq edilməklə bağlanılıb ki, bu da 2021-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğdən 767,5 milyon manat və yaxud 12,8 % çox, say baxımından 27 ədəd və yaxud 0,2 % azdır.
Ötən il dövlət satınalmalarına cəlb edilmiş vəsaitin - MƏBLƏĞİ ARTIB
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.
"Hesabat ilində ÜDM-in, həmçinin dövlət büdcəsinin xərclərinin artımı fonunda, satınalmaya cəlb edilmiş vəsaitin həcmində artma müşahidə edilib ki, əvvəlki illə müqayisədə satınalma məbləğinin ÜDM-ə nisbət göstəricisi 1,5 faiz bəndi, xərclərə nisbəti isə 0,8 faiz bəndi azalmaqla müvafiq olaraq 5 % və 21,1 % bəndi təşkil edib. Bu göstəricilər son illərdə ən aşağı göstərici olub. 1-ci nisbətin azalması neftin qiymətinin yüksək olması səbəbindən ÜDM-in yüksək məbləğlə ifadə edilməsi ilə əlaqələndirilə bilsə də, digər göstəricidə olan azalma suallar yaradır.
Belə ki, əksər ölkələrdə dövlət satınalmaları dövlət büdcəsinin 30-42 %-i qədərdir. Aparılmış nəzarət tədbirləri göstərir ki, bəzi xərclərin satınalma keçirilmədən aparılması, xərc əməliyyatlarının xəzinə müşayiəti ilə aparılmaması və bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı qeydiyyatın-uçotun tam olmaması dövlət satınalmalarının dövlət büdcə xərclərində xüsusi çəkisinə təsiri olub. Təqdim edilmiş məlumatlara görə, il ərzində satınalma metodlarının say baxımından 40,5 %-i ilin I yarısında, 59,5 %-i isə II yarısında tətbiq edilib. Məbləğ ifadəsində bu göstəricilər 44,1% və 55,9% olub. Keçirilmiş satınalmaların məbləğ baxımından 2022-ci ilin rübləri üzrə dinamika belə olub: Dövlət satınalmalarının məbləğ ifadəsində 35,1 %-i və ya 2379,9 milyon manatı, o cümlədən açıq tender üzrə satınalmaların 28,2%-i və ya 628,5 milyon manatı, elektron açıq tender üzrə satınalmaların 43 %-i və ya 517,5 milyon manatı, kotirovka sorğusu üzrə satınalmaların 44,1 %-i və yaxud 30 milyon manatı, təkliflər sorğusu üzrə satınalmaların 68,7 %-i və ya 689,0 milyon manatı, bir mənbədən keçirilən satınalmaların 22,6 %-i və yaxud 515 milyon manatı ilin IV rübünü əhatə edib", - deyə sənəddə qeyd olunub. (Report)