«Azərsu» ASC Azərbaycanın 3 rayonunda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi böyük tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 3 tenderin ümumi məbləği 37 milyon manata çatır. Belə ki,
Qax şəhəri – 7,5 milyon manat
“Qax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” tenderini “NORT VEST KONSTRAKŞN” MMC qazanıb – məbləğ 7 milyon 598 min manat təşkil edir.
Qeyd edək ki, sözügedən şirkət Bakı Şəhəri Nəsimi Rayonu, Neftçilər prospekti, ev 153-də qeydiyyatdan keçib. Həmin ünvan həm də «Paşa Holdinq»in qeydiyyat ünvanıdır. Şirkətin qanuni təmsilçisi Elçin Bədəlovdur.
Maraqlıdır ki, bu - Qax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün son 3 ildə elan olunan ikinci tenderdir. Birnici tender 2018-ci ilin aprelində elan edilmiş və onu «Qlobus İnterneyşnl» MMC qazanmışdı – məbləğ 5 milyon 19 min manat.
Digər maraqlı məqam – Qax rayonu üzrə qazanılan tender “Nort Vest Konstrakşn” MMC-nin son bir ayda ikinci böyük tenderidir. «Paşa Holdinq»lə eyni ünvnada yerləşən şirkət sentyabrda daha böyük bir tenderi qazanıb - Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması – məbləğ 55,5 milyon manat.
Başqa sözlə, “Nort Vest Konstrakşn” MMC son bir ayda təkcə su və kanalizasiya layihələri üzrə 62,5 milyon manatlıq dövlət sifarişi götürüb.
Şəki şəhəri – 22,8 milyon manat
Bu üç tenderdən ən böyüyünü “Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərini “Euroline” QSC qazanıb – tenderin məbləği 22 milyon 828 min manatdır. “Euroline” QSC Şəki rayonu Qoxmuq kəndində qeydiyyatdan keçirilib, qanuni təmsiçlçisi Cahangir Abdurəhmanovdur.
Biləsuvar şəhəri – 6,5 milyon manat
“Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” tenderini isə “Təmir Tikinti İstehsal" MMC udub – məbləğ 6 milyon 495 min manatdır. Sözügedən şirkətin qeydiyyat ünvanı olaraq Bakı şəhəri Nizami rayonu, Bəkir Çobanzadə küçəsi göstərilib (dəqiq ünvan yoxdur). Şirkətin qanuni təmçilçisi Zahir Quliyevdir.
Maraqlıdır ki, bu tender «Təmir Tikinti İstehsal» MMC Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri üzrə artıq ikinci tenderi udur, birinci tenderi şirkət hələ 2018-ci ildə qazanmış və ona 2 milyon 83 min manat ayrılmışdı.