Azərbaycan İnvestisiya Holdinqi maliyyə, mühasibat, kadr və əməkhaqqı uçotunun aparılması, planlama, satınalma və təchizatın idarə olunması, vergi, DSMF, statistik, büdcə və idarəetmə hesabatlarının hazırlanması üçün proqram təminatının satın alınması məqsədilə açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirakhaqqı – 200 manatdır.
Tender təklifləri 14 iyul saat 17:00-dək qəbul olunur. Təkliflərin açılması 15 iyul saat 17:00-da baş tutacaq.
Prezident İlham Əliyev avqustun 7-də “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Holdinqin nizamnamə kapitalı 10 milyon manatdır.
Holdinqin yaradılmasında məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.
Holdinqin Müşahidə Şurasının sədri baş nazir Əli Əsədov, İdarə Heyətinin sədri Mətin Eynullayevdir.