Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ – AYNA (VÖEN: 1506095421) respublika ərazisində yollarda nişanlanma işlərinin satınalması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.
Dövlət Qurumu bir şirkətlə 4 gündə - 20 MİLYONLUQ MÜQAVİLƏLƏR İMZALADI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, AYNA ehtimal qiyməti 29,8 milyon manat olan tenderə cəmi 7 iş günü ayırıb. Belə ki, may ayının 1-də saat 19-da, yəni faktiki olaraq işdən sonra elan edilən tender üzrə təkliflərin qəbulu üzrə son tarix və vaxt may ayının 12-si saat 12-yə təyin edilib.
Qeyd edək ki, bu 11 gün də 2 həftəsonu var, yəni iddiaçılara iri miqyaslı tenderdə sifarişlərlə tanış olmaq, imkanları qiymətləndirmək, potensial tərəfdaşlarla mühzakirə, hesbalamaların aparılması və tender təkliflərinin hazırlanaraq təqdim edilməsi üçün faktiki olaraq 7 gün vaxt verilib.
Maraqlıdır ki, Agentliyin bundan 2 ay əvvəl elan etdiyi və ehtimal qiyməti bundan 10 dəfə az olan Bakı və regionlarda sərnişin dayanacaq pavilyonlarının quraşdırılması işləri üzrə tenderdə iddiaçılara 1 aya yaxın vaxt verilmişdi. Yəni həmin tender martın 6-dha elan edilmiş və aprelin 1-də təklif qəbulu müddəti bitmişdi.
Bundan fərqli olaraq təcili problemin həlli ilə bağlı olmayan, il ərzində həyata keçiriləcək 30 milyon manatlıq işlər üzrə cəmi 7 gün müddətin verilməsi təəccüb doğurur.
Müddətin azlığı şəraitində keçirilən tenderdə Sumqayıtda fəaliyyət göstərən “STP-Btech” MMC şirkəti (VÖEN: 2907446991) tenderin qalibi olub.
Tərəflər arasında 29 milyon 421 min manatlıq müqavilə imzalanıb. Bu, ehtimal olunan 29,8 milyon manatlıq qiymətdən cüzi məbləğdə azdır.
Qeyd edək ki, “STP-Btech” MMC 2024-cü ilin mart ayının 14-ü dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı Sumqayıt Texnologiya parkındadır - Sumqayıt şəhəri, H.Z.Tağıyev, , Texno-Park Sahəsi. Şirkətin qanuni təmsilçisi və icraçı direktoru Emre Yalçın olan şirkətin nizamnamə kapitalı 2 milyon 400 min manatdır.
Məlumat üçün bildirək ki, şrikət Azərbaycanda yol xətlənməsi, yol nişanlarının istehsalı və quraşdırılması, yol təhlükəsizliyi üzrə təhlükəsizlik səddlərinin montajı sahəsində ixtisaslaşmışıb. MMC direktorlar şurası tərəfindən idarə olunur. Direktorlar şurasının sədri Ələkbər Abbaslı, direktorlar şurasının üzvləri Ahmet Haytaoğlu və Ahmet Erhan Arıkkandır.















