Mərkəzi Bankın əsas fəaliyyət istiqamətlərindən biri də sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsidir. Bu istiqamətdə son dövrlərdə, xüsusilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (avtoicbari) sahəsində həyata keçirilən tədbirlər və tətbiq edilən yeniliklər haqqında məlumatlar mütəmadi olaraq ictimaiyyətin diqqətinə təqdim edilir.
“FED.az Mərkəzi Bankın yaydığıməlumata istinadən xəbər verir ki,ssığorta sahəsində görülən islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf edirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsinə xidmət edir. Qəbul edilən qərarlar üzrə son yeniliklərdən biri də avtoicbari sığorta üzrə sığorta müqaviləsi bağlayan sığortaçıların rəsmi internet səhifəsinə dair yeni tələbin müəyyən edilməsidir. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli, 60/5 nömrəli qərarı ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də (Tələblər) dəyişikliklər təsdiq edilmişdir. Həmin dəyişikliklərə əsasən, avtoicbari növünün aparılmasına icazə almaq istəyən hər bir sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə qanunvericiliyə uyğun olaraq bağlanması imkanına malik olmalıdır. Müvafiq sığorta növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını Tələblərin qüvvəyə mindiyi tarixdən etibarən 10 gün müddətində həmin tələbə uyğunlaşdırmalıdır.
İnformasiya və kommunikasiya texnologiyalarının yüksək sürətlə inkişaf etdiyi, bütün dünyada olduğu kimi ölkəmizdə də internetə çıxışın genişləndiyi və rəqəmsallaşma texnologiyalarının tətbiq edildiyi müasir dövrümüzdə zamanın tələbi nəzərə alınaraq qeyd edilən dəyişikliyin Tələblərə əlavə edilməsi zəruri hesab olunmuşdur. Bu dəyişiklik avtoicbari sığorta növü üzrə sığorta şəhadətnamələrinin şirkətlərin rəsmi veb-səhifələri üzərindən müştərilər tərəfindən onlayn qaydada rahat şəkildə əldə edilməsini təmin edəcək.
Eyni zamanda qeyd etmək lazımdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanuna, eləcə də onun tətbiqi ilə bağlı müvafiq Fərmana son dövrlərdə edilən dəyişikliklər də bu məqsədə xidmət edir. Bütün bu dəyişikliklər sığorta sahəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqini nəzərdə tutmaqla icbari sığorta növərinin tam olaraq elektronlaşmasına, nəticə etibarilə bu sahədə həyata keçirilən bütün xidmətlərin rəqəmsallaşmasına şərait yaradacaqdır.
Sığorta xidmətlərinə əlçatanlığın maksimal şəkildə təmin olunması və sığorta fəaliyyətinin rəqəmsallaşdırması istiqamətində islahatlar Mərkəzi Bank tərəfindən mütəmadi həyata keçiriləcək.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin bağlanması ilə bağlı bir daha qeyd olunmalıdır ki, qanunvericiliyə əsasən bu növ üzrə icbari sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyildir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə müraciət etməklə Mərkəzi Banka öz şikayətlərini bildirə bilərlər. Daxil olan bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək müraciətdə qeyd edilən məsələlər dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi sığortaçı tərəfindən icbari sığorta şəhadətnaməsinin buraxılması təmin edilir.
Hal-hazırda avtoicbari sığorta bazarında vəziyyətə nəzarət edilməsi və mövcud problemlərin həlli məqsədilə mütəmadi olaraq Mərkəzi Bank tərəfindən ciddi şəkildə monitorinqlər həyata keçirilir, hərtərəfli təhlillər və qiymətləndirmələr aparılır. Qiymətləndirmələrin nəticələri əsasında Mərkəzi Bank tərəfindən zəruri addımların atılması davam etdiriləcək.