Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Sosial Xidmətlər Agentliyi” PHŞ fiziki şəxs Əlisoy Natiq Hüseyn oğlu ilə satınalma müqaviləsi bağlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı imzalanmış müqavilənin dəyəri 1 milyon 444 min 840 manat təşkil edib.
Başqa sözlə, fiziki şəxs dövlət qurumundan bir ev üçün orta hesabla 72 min 424 manat ödəniş alıb.
Bundan başqa, Əlisoy Natiq Hüseyn oğlu ilə dövlət qurumu arasında ötən il əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Salyan rayonunda 32 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı 2 milyon 197 min 760 manatlıq müqavilə imzalanmışdı. Bir evin orta qiyməti 68 min 680 manat idi.
2022-ci ildə isə Əlisoy Natiq Hüseyn oğlu “Nərimanov Tibb Mərkəzi” PHŞ-ə 28 min 650 manata obyekt icarəyə verib.













