Elektron satınalmanın əhatə dairəsinin genişləndiriləcək, kotirovka sorğusu proseduru da elektronlaşacaq və açıq tenderlə yanaşı, kotirovka sorğusu (5 min manatdan 50 min manatadək olan tenderlər) yalnız portal vasitəsilə həyata keçiriləcək.
Eləcə də bax: Dövlət satınalmaları proseduru - Dəyişir
FED.az xəbər verir ki, bu, Milli Məclsin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin dövlət satınalmalarında şəffaflığın və effektivliyin təmin edilməsinə dair tapşırıqlarının icrası, bu sahədə ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb və aşağıdakı məqsədlərə xidmət edir:
- dövlət satınalma proseslərində iştirak haqlarının və digər xərclərin əhəmiyyətli şəkildə azaldılması və sahibkarlara iştirak üçün geniş imkanların yaradılması, o cümlədən iştirak haqlarının portalın operatoruna ödənilməsinin təşkili, həmçinin bu vəsait hesabına portalın saxlanılması xərclərinin ödənilməsi;
- dövlət satınalmaları üzrə prosedurların və şikayət mexanizminin təkmilləşdirilməsi, müddətlərin (o cümlədən satınalma elanları ilə bağlı müddətlərin, təkliflərin qiymətləndirilməsi və müqavilənin imzalanması müddətlərinin azaldılması, işlərin tamamlanmasına görə təminatın təkrar alınması ilə bağlı tələbin qanunda konkretləşdirilərək bütün təminat müddətini əhatə etməsi, işlərin yoxlanması zamanı satınalan qurum icra olunmuş işlər üzrə razılığa gələ bilmədiyi zaman yaranan gecikmənin tənzimlənməsi və azaldılması, mövcud müqavilələrə edilən əlavələr və kiçik düzəlişlər üçün müddətin azaldılması) konkretləşdirilməsi və optimallaşdırılması və əlavə məsuliyyət tədbirlərinin müəyyən edilməsi;
- satınalma müqavilələrinin icrasına başlanılması üçün icazələrin alınmasının satınalan təşkilatlar tərəfindən qabaqcadan təmin edilməsi (əvvəllər müqaviləni udan sahibkar (podratçı) müqavilə üzrə icazələri fərdi qaydada aidiyyəti dövlət qurumlarından almalı idi);
- portal vasitəsilə həyata keçirilən satınalmalarda (açıq tender və kotirovka sorğusu) iştirak haqqının portalın operatoruna ödənilməsi, portalın təkmilləşdirilməsi üçün dayanıqlı maliyyə təminatının yaradılması və satınalma barədə elanların yalnız portal vasitəsilə verilməsi (əvvəllər elanların qəzetlərdə dərci həm maliyyə resurslarının, həm də vaxt itkisinə səbəb olurdu);
- malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən qiymətləndirilməsi prosedurunun müddətlərinin göstərilməsi;
- satınalma komissiyası üzvlərinin sayı, təhsil və peşə tələbləri ilə bağlı suallara aydınlıq gətirilməsi;
- tender iştirakçısının müsabiqədən kənarlaşdırılması səbəblərinin yazılı olaraq iddiaçılara təqdim edilməsinin tələb olaraq qanuna daxil edilməsi.
Qanun layihələrinin qəbul edilməsi nəticəsində aşağıdakılara nail olunması gözlənilir:
- Biznes mühitinin əlverişliliyi daha da artırılacaq ki, bu da ölkəyə investisiyaların cəlb olunmasına öz töhfəsini verəcək;
- Dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin artmasına, sui-istifadə hallarının minimallaşmasına nail olunacaq;
- Elektron üsulla keçirilən satınalmaların sayının artacağı üçün, satınalmalara nəzarət asanlaşacaq, daha effektiv hesabatlılıq qurulacaq və nəzarət imkanları genişlənəcək;
- Sahibkarlar arasında rəqabətliliyin artacağı ilə əlaqədar dövlət vəsaitindən daha qənaətli istifadəyə zəmin yaranacaq;
- Satınalma prosesində operativlik, çeviklik və əlçatanlıq səviyyəsi yüksələcək.
Bununla da dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, satınalmaların sağlam rəqabət mühitində keçirilməsi, malgöndərənlərə (podratçılara) bərabər şəraitin yaradılması, satınalan təşkilatlar tərəfindən satınalmaların düzgün planlaşdırılması və vaxtında həyata keçirilməsi təmin olunacaq, nəticədə malgöndərənlərdə (podratçılarda) dövlət satınalmalarına etibar xeyli artacaq və dövlət vəsaitindən daha da səmərəli istifadəyə zəmin yaranacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. (Apa)