Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Quba və Ağcabədi rayonlarında inşa edilməsi planlaşdırılan iki uşaq reabilitasiya mərkəzinin tikintisi və təchizatı üzrə elan olunmuş tenderlər ləğv edilib.
Qobustanda dövlət tenderlərini kimlər udur? – SİYAHI, ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, hər iki tenderin ləğv edilmə səbəbi eynidir: satınalmanın maliyyələşdirilməsi dayandırılıb. Qanunun 36.1.6-cı maddəsinə əsasən, maliyyə vəsaitlərinin ayrılmaması səbəbindən tenderlərin davam etdirilməsi məqsədə uyğun sayılmayıb.
Quba rayonunda inşa olunacaq 70 yerlik Uşaq Reabilitasiya Mərkəzinin tikintisi və təchizatı işlərinin satınalması üzrə elan edilən tenderin ehtimal olunan dəyəri 12.657.007,80 AZN idi. Müsabiqə 14 oktyabr 2024-cü il saat 16:59-da dərc edilmişdi. Təkliflərin təqdim olunma və zərflərin açılış tarixi isə 28 oktyabr 2024-cü il saat 18:00 müəyyən olunmuşdu.
Digər tərəfdən, Ağcabədi rayonunda 70 yerlik Uşaq Reabilitasiya Mərkəzinin tikintisi və təchizatı üzrə ikinci tenderin ehtimal olunan dəyəri 11.778.755,60 AZN təşkil edirdi. Bu müsabiqə də eyni tarixdə dərc edilmiş və eyni vaxtda baş tutmalı idi.
Bu iki layihənin icrası nəticəsində bölgələrdə əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müasir reabilitasiya imkanlarının yaradılması planlaşdırılırdı. Lakin maliyyələşmənin dayandırılması, bu sosial əhəmiyyətli layihələrin yaxın gələcəkdə həyata keçirilməsini qeyri-müəyyən vaxta qədər təxirə salıb.