Xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr daha çox qardaş, qonşu ölkə olan Türkiyə universitetlərinə müraciət edirlər. Azərbaycanlı tələbələrin Türkiyəyə üz tutmasının bir neçə səbəbi var.
Məleykə Abbaszadə: "Maliyyə savadlılığı sahəsində vəziyyət ürəkaçan deyil"
FED.az xəbər verir ki, bu səbəblər barədə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədr müavini Emin Səfərov danışıb.
Bildirib ki, bunun əsas səbəblərindən biri qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasıdır. Texnologiya, elm, səhiyyə, innovasiya və idman sahələrində hər iki dövlət dünya ölkələri sıralamasında yüksək mövqe nümayiş etdirir.
“Türkiyə ali təhsil müəssisələrinin dünya təhsil standartlarına cavab verməsi, innovativ, modern təhsil avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, Avropa və Amerikada araşdırma və təhqiqatlarını tamamlamış akademik heyət, beynəlxalq tələbə ortamı, xarici dil və mədəniyyətlərin bir cəmiyyətdə birləşməsi Türkiyədə təhsilin ən əsas faktorlarındandır. Əlavə olaraq, Türkiyədə təhsil daha yüksək səviyyədə nəzəri və praktik tədrisi, təhsil müddətində iki dəfə təcrübə keçməsi (1-3-6 ay aralığında iki fərqli özəl və ya dövlət qurumunda keçirilə bilər), dil faktorlarının inkişafı (həm xarici, həm türk) ilə seçilir, eləcə də tələbələr orada təhsil alaraq özünəinamı, fərqli dünyagörüşü kimi bir çox müsbət cəhətləri əldə edirlər.
Qeyd edə bilərik ki, Türkiyədəki universitetlər Avropa və digər ölkələrlə müqayisədə daha sərfəli və keyfiyyətli təhsil imkanları təklif edir. Minillik tarixi və mədəniyyəti ilə Türkiyə tələbələrə unudulmaz təhsil təcrübəsi təqdim edir. Çoxsaylı tarixi və turistik yerlər, muzeylər və bədii tədbirlər tələbələrə Türkiyənin mədəni zənginliyini kəşf etməyə imkan verir.
Hazırda Türkiyədə aktiv azərbaycanlı tələbə sayı təqribən 27 mindir. Son 3 il ərzində müraciət edən tələbələrin böyük əksəriyyəti daha çox tibb, hüquq, kompüter elmləri, mühəndislik, genetika və aviasiya sahələrinə maraq göstərirlər. İdarəetmə, sosial elmlər sahəsində olan ənənəvi müraciət sayı demək olar ki, tədricən azalmaqdadır. IT və mühəndislik sahəsi üzrə müraciət edən tələbələr demək olar ki, ümumi Türkiyə tələbə kütləsinin 30-35 faizini təşkil edir. Sağlıq bilimləri üzrə müraciət edən tələbə göstəricisi isə 20-25 faizdir”, - deyə E.Səfərov qeyd edib. (Azərtac)