Təhsilin elektronlaşdırılmasına görə bir sıra ölkələrdən geri qalırıq.
Eləcə də bax: Əli Əsədov məktəblərdə əyani tədrislə bağlı - Qərar İmzalayıb
FED.az xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, hazırda bizdə təhsilin elektronlaşması tam olaraq yalnız orta ümumtəhsil müəssisələrində mövcuddur. Təhsilin digər pillələrində isə təəssüf ki, sistem hələ qurulmayıb: "Avropa ölkələrində, Kanadada, eyni zamanda bəzi şərq ölkələrində, o cümlədən Çin, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələrdə distant təhsil daha perspektivlidir. Təəssüf ki, bizdə distant formalı təhsilə yalnız 2020-ci ilin mart ayından etibarən keçildi. Halbuki, bu prosesə çoxdan başlanılmalı idi. Ona görə də bizdə demək olar ki, yalnız orta ümumtəhsil müəssisələri üçün baza formalaşıb. Bu baza da bildiyiniz kimi, teledərslər və virtual məktəb layihəsi çərçivəsində keçilən dərslər, izah olunan mövzulardan ibarətdir. Onlar hamısı yığılıb, saxlanılıb. İndi şagirdlər virtual məktəb layihəsi çərçivəsində həmin vəsaitlərdən istifadə edə bilərlər. Bütün bunlara baxmayaraq, çox təəssüf ki, bizdə hələ distant təhsil tam şəkildə bərqərar olmayıb. Bizdəki forma təhsilin əlçatanlığını tam olaraq təmin etmir. Bunun üçün düşünürəm ki, müvafiq olaraq təkmilləşmə aparılmalıdır. Bəzi məktəblərdə müasir texnoloji avadanlıqların quraşdırılması labüddür".
Ekspert bildirib ki, ali və orta ixtisas müəssisələrində isə distant təhsil demək olar ki, yox səviyyəsindədir: "İqtisadiyyat Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla digərlərində vəziyyət ürəkaçan deyil. Çünki onlarda distant formalı təhsil üçün elektron vəsait, elektron dərslik təəssüf ki, mövcud deyil. Düşünürəm ki, həmin universitet və kolleclərdə bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Hətta gecikiblər. Hazırkı dövrə nəzər salsaq, elektron resursla zəngin olmayan ali və orta ixtisas müəssisələri, eyni zamanda məktəbəqədər hazırlıq qrupları varsa, onların hər biri qarşıdakı dövr ərzində elektron resurslarını yaratmalı, zənginləşdirməlidirlər ki, gələcəkdə istər pandemiya, istərsə də digər fövqəladə hadisə ilə əlaqədar ola biləcək qapanmalara hazır olsunlar və təhsilin əlçatanlığı vətəndaşlar üçün təmin olunsun".