Azərbaycanın əmək bazarında son illər dəyişikliklər, müxtəlif ixtisasların yaranması və ya əksinə digərlərinin aktuallığını itirməsi müşahidə edilir.
Belə vəziyyətdə gələcəkdə təoəbat olacaq və əmək bazarında yer tutmağa imkan verən ixtisas və universitet seçimi mühüm əhəmiyyət daşıyır.
UNEC-in məzunları Azərbaycanda harada iş tapa bilir? - ARAŞDIRMA
Hazırda ölkənin mühəndislik və texniki sahələr üzrə ixtisaslaşmış aparıcı ali təhsil müəssisələrindən biri olan Bakı Ali Neft Məktəbinin (BANM) məzunlarının əmək bazarına uyğunlaşma göstəriciləri xüsusi maraq doğurur. Ali Neft Məktəbi olsa da BANM-da digər populyar ixtisaslar da tədrism olunur və bu da onun məzunlarının iş tapmasını nisbətən asanlaşdırır.
ADA Universitetinin məzunları harada iş tapa bilir? - ARAŞDIRMA
FED.az Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”ndən əldə etdiyi məlumat əsasında bu dəfə Bakı Ali Neft Məktəbinin (BANM) məzunlarının işlə təmin olunması ilə bağlı vəziyyəti araşdırılıb.
2018-2022-ci illər ərzində Bakı Ali Neft Məktəbini (BANM) bitirən məzunların ümumi sayı 535 nəfər olub. Bu dövrdə həmin məzunlardan 402 nəfəri işlə təmin olunub.
Nəticə olaraq, 2018-2022-ci illər arasında BANM-i bitirən məzunların təxminən 75 faizi işlə təmin olunub. Daha sadə desək, BANM-ın hər 4 məzunundan 3-ü təhsildən sonra iş tapa bilib.
Daha asan iş tapılan ixtisaslar
Məşğulluq göstəricilərinə görə birinci yeri Neft-qaz mühəndisliyi (tədris ingilis dilində), əyani ixtisası tutur. Enerji sektorunun ölkə iqtisadiyyatındakı rolu, bu sahədə fəaliyyət göstərən iri beynəlxalq şirkətlərin ölkədə aktivliyi və tədrisin yüksək səviyyədə təşkil olunması bu ixtisas üzrə məzunların əmək bazarında rəqabət qabiliyyətini artırır.
İkinci yerdə isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingilis dilində), əyani ixtisası qərarlaşıb. Sənaye və istehsalat sahələrində avtomatlaşdırmaya olan tələbin artması bu sahədə ixtisaslaşan məzunlara geniş iş imkanları yaradıb. Bu ixtisas üzrə təhsil alanlar əsasən texnologiya, avtomatlaşdırılmış idarəetmə sistemləri və sənaye prosesləri üzrə mühəndis vəzifələrinə cəlb oluna bilərlər.
Üçüncü sırada isə Kimya mühəndisliyi (tədris ingilis dilində), əyani ixtisası dayanır. Neft-kimya, qida və əczaçılıq sənayesi kimi sahələrdə kimya mühəndisliyinə olan tələbat bu ixtisas üzrə məzunların işlə təmin olunma göstəricilərinin yüksək olmasına səbəb olub. Kimya mühəndisləri həm dövlət, həm də özəl sektorda geniş imkanlar əldə edə bilir.
Bakı Ali Neft Məktəbi (BANM) məzunlarının məşğulluq göstəriciləri yalnız ümumi işlə təmin olunma səviyyəsi ilə deyil, həm də onların fəaliyyət göstərdiyi sektor baxımından diqqət çəkir. İşlə təmin olunan məzunların 174 nəfəri və ya 44 faizi dövlət sektorunda, 222 nəfəri və ya 56 faizi isə özəl sektorda çalışmaqdadır.
Bu statistika göstərir ki, BANM məzunları daha çox özəl sektorda fəaliyyət göstərməyə meyillidirlər.
Bakı Ali Neft Məktəbi (BANM) üzrə ən çox məzun verən ixtisas Neft-qaz mühəndisliyi (tədris ingilis dilində), əyani olub. 5 il ərzində bu ixtisas üzrə ümumilikdə 204 nəfər məzun təhsilini başa vurub. Onlardan 166 nəfəri işlə təmin olunub ki, bu da təxminən 81 faiz məşğulluq göstəricisi deməkdir.
Digər ixtisaslar üzrə vəziyyət aşağıdakı kimidir:
2018–2022-ci illər üzrə Bakı Ali Neft Məktəbi (BANM) məzunlarının məşğulluq göstəricilərinə nəzər yetirdikdə, müxtəlif ixtisaslar üzrə fərqli dinamikanın müşahidə olunduğu görünür. Neft-qaz mühəndisliyi ixtisası ilə yanaşı, Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə də əhəmiyyətli sayda məzun olmuş və onların böyük hissəsi işlə təmin olunmuşdur.
Kimya mühəndisliyi (tədris ingilis dilində), əyani ixtisası üzrə bu dövrdə ümumilikdə 221 nəfər məzun olub və onlardan 171 nəfəri əmək bazarına daxil ola bilib. Bu da təxminən 77 faiz məşğulluq göstəricisi deməkdir.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingilis dilində), əyani ixtisası üzrə isə 110 nəfər məzun olub. Onlardan 65 nəfəri işlə təmin olunub ki, bu da təxminən 59 faizlik məşğulluq səviyyəsini göstərir. Bu göstərici əvvəlki iki ixtisasla müqayisədə nisbətən aşağı olsa da, sahənin texniki xüsusiyyətləri və bazarda yeni texnologiyalara keçidin mərhələli şəkildə baş verməsi bu fərqi izah edə bilər.
Məzunların ən çox çalışdığı digər sahələr:
2018–2022-ci illər üzrə Bakı Ali Neft Məktəbi (BANM) məzunlarının işə qəbul olunduqları sahələr üzrə təhlil, onların əsasən hansı iqtisadi fəaliyyət növlərində təmsil olunduğunu açıq şəkildə göstərir. Əldə olunan məlumatlara əsasən, məzunların ən çox cəmləşdiyi ilk 10 sahə üzrə məşğulluq statistikası aşağıdakı mənzərəni ortaya qoyur:
Ən çox məzun qəbul edən fəaliyyət sahəsi “Neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi” olmuşdur. Bu sahədə 38 nəfər BANM məzunu işlə təmin olunub. Bu, enerji sənayesində mühəndislik xidmətlərinə olan yüksək tələbatla izah olunur. Xüsusilə texniki bilik və sahə təcrübəsi tələb edən bu xidmətlərdə BANM məzunları mühüm rol oynayır.
İkinci sırada “Digər qruplara daxil edilməmiş sair kimyəvi məhsulların istehsalı” gəlir – burada 34 nəfər məzun fəaliyyət göstərir. Bu sahədə kimya mühəndisliyinə olan ehtiyac və müasir kimya sənayesində aparılan texnoloji yeniliklər məzunların uğurla yerləşməsinə şərait yaradıb.
Üçüncü yerdə “Təmizlənmiş neft məhsullarının istehsalı, o cümlədən neft məhsullarından briketlərin hazırlanması” sahəsi qərarlaşıb. Bu istiqamətdə 32 nəfər məzun işə düzəlib. Neft emalı sənayesində keyfiyyətli insan resurslarına olan ehtiyac bu ixtisaslaşma üzrə məzunlara geniş imkanlar açır.
Növbəti yerləri “Xam neftin hasilatı” (26 nəfər), “Layihə işləri” (25 nəfər), “Sair əsas üzvi kimyəvi maddələrin istehsalı” (21 nəfər) sahələri tutur. Bu sektorlar həm kimya, həm də texniki mühəndislik bilikləri tələb edən sahələrdir və BANM-in məzun profili bu tələblərə cavab verir.
Bundan əlavə, “Bazar konyunkturasının tədqiqi və ictimai rəyin öyrənilməsi” (14 nəfər), “Rabitə və elektrik xətlərinin çəkilməsi” (12 nəfər), “Azərbaycan Mərkəzi Bankının fəaliyyəti” (11 nəfər) və “Neft və təbii qazın hasilatı üçün quyuların qazılması” (11 nəfər) da BANM məzunlarının təmsil olunduğu əsas istiqamətlər sırasındadır.
Bu məlumatlar göstərir ki, Bakı Ali Neft Məktəbinin məzunları yalnız neft və qaz sahəsi ilə məhdudlaşmır, eyni zamanda kimya sənayesi, informasiya texnologiyaları, maliyyə və hətta ictimai rəy tədqiqatları kimi müxtəlif istiqamətlərdə də uğurla fəaliyyət göstərirlər. Bu isə BANM təhsilinin çoxşaxəli və əmək bazarına uyğun olduğunu təsdiqləyir.